Almaniyanın Düsseldorf şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti axşamı keçirilib. "Düsseldorf Teatr Evi"ndə 800-ə yaxın qonağın maraqla dinlədiyi Azərbaycan caz musiqi konserti Alman mətbuatında geniş işıqlandırılıb. SİA AzərTAc-a istinadla xəbər verir ki, Almaniyanın ərazisinə görə dördüncü və əhalisinin sayına görə birinci vilayəti hesab olunan Şimali Reyn-Vestfaliya əyalətinin caz internet portalında (nrwjazz.net) Ştefan Pieperin müəllifi olduğu "Şərq və Qərb arasında tapıntı - Elçin Şirinov Düsseldorfda" sərlövhəli məqalə böyük maraq doğurub.
Məqalədə, Azərbaycan mədəniyyətinin və musiqisinin dünyada təbliğində və tanınmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulanır. Yazıda Azərbaycan ilə Almaniya arasındakı tarixi əlaqələr, ölkəmizdə mövcud olan alman irsi, Azərbaycanda caz musiqisi, beynəlxalq aləmdə ən güclü caz ustalarından bir neçəsinin məhz ölkəmizdə yetişdiyi, caz-muğam sintezinin bənzərsizliyi barədə məlumatlar yer alıb. Burada Azərbaycan caz musiqi ustası Elçin Şirinov və Böyük Britaniya caz ustaları Deyv Hamblet və Sem Lasersonun ifasında möhtəşəm konsert proqramının tamaşaçılar tərəfindən alqışlarla qarşılandığı diqqətə çatdırılıb. Müəllif xatırladır ki, Şirzad Fətəliyevin balabanda, Mircavad Qafarovun isə udda adları çəkilən caz ustaları ilə birgə milli mahnılarımızı sintez etmələri konsertə marağı daha da artırıb. Azərbaycan musiqisinin ecazkarlığından, musiqiçilərimizin mükəmməl ifa və sonsuz improvizasiya bacarıqlarından söz açan Ştefan Pieper xalq mahnılarımızın və kompozisiyalarımızın bənzərsiz olduğunu göstərib.
Yazıda vurğulanıb ki, konsert çərçivəsində "Düsseldorf Teatr Evi"nin foyesində təşkil olunmuş "Azərbaycanda alman izləri" fotosərgisi də konsertə təşrif buyurmuş qonaqlarda geniş marağa səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB