Bu gün "Bakı Elm Festivalı-2014" çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) geniş tədbir keçirilib. Universitetin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən rektor, akademik Əhliman Əmiraslanov festivalın məqsəd və məramı haqqında məlumat verib.
Rektor bildirib ki, ilk dəfə keçirilən elm festivalının əsas məqsədi Azərbaycan elminin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, müasir elmi bilikləri təbliğ etmək, həmçinin gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdan ibarətdir.
Qeyd olunub ki, festival elm və texnika sahəsində əldə olunmuş yeniliklərlə ictimaiyyətin tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir. Ə.Əmiraslanov deyib: "Azərbaycan elminin bu gün yüksək potensialı, çox böyük uğurları, nailiyyətləri var. İnanırıq ki, festivalın keçirilməsi elmimizin inkişafına dəstək verəcək".
Sonra elmi məruzələr dinlənilib. Xüsusilə ATU-nun əməkdaşları - Fərid Əliyev, Nazim Pənahov, Ramin Bayramlı və Məhbubə Vəliyevanın aktual mövzularda məruzələri maraqla qarşılanıb.
Qeyd edək ki, "Bakı Elm Festivalı-2014" AMEA-nın təşkilatçılığı, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sponsorluğu ilə keçirilir. Festivalda son illər alimlərimizin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB