Veteranlar Şurası ADİU-nun tələbə və müəllim heyəti ilə görüş keçirib

Veteranlar Şurası ADİU-nun tələbə və müəllim heyəti ilə görüş keçirib

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində Respublika Veteranlar Şurası universitetin tələbə və müəllim heyəti ilə görüş keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Tələbələrin işi üzrə prorektor Səadət Qəndilova, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, İnzibati İşlər Üzrə Prorektor Mikayıl Zeynalov, müəllimlər, tələbələr və digər qonaqlar iştirak ediblər.

Tədbiri ilk olaraq Səadət Qəndilova açaraq dövlətin hər zaman gənclərin yanında olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni, humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi önəmli yer tutur.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov söz alaraq təşkilatın əsas istiqamətlərindən birinin Böyük Vətən Müharibəsində vuruşmuş döyüşçülərin sosial məsələrəninin həlli və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması olduğunu söyləyib. Diqqətə çatdırıb ki, dövlətimiz bu istiqamətdə böyük işlər görür.

İqtisadçı, tələbə-xeyriyyə cəmiyyətinin sədri Səməd Rzazadə sözügedən görüş haqda məlumat verib. Bildirib ki, görüşün məqsədi tələbələrə vətənpərvərlik ruhunu aşılamaqdır.

Daha sonra digər qonaqlar da çıxış edərək diqqətə çatdırıblar ki, dünyada yaşayan azərbancanlılar onların arxasında güclü Azərbaycan dövləti dayanır və o dövlət heç zaman öz vətəndaşını çətin vəziyyətdə qoymaz.

Qeyd edək ki, sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə