Səbail rayonunda “Yaşıl Marafon” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Səbail rayonunda “Yaşıl Marafon” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayon ictimaiyyəti nümayəndələri tərəfindən Ümumrespublika "Yaşıl Marafon" layihəsi çərçivəsində geniş miqyaslı ağacəkmə aksiyası keçirilib. Səbail rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə Abbasqulu Abbaszadə küçəsi boyunca böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunub.

İlk növbədə abadlaşdırılan ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilib. Burada əvvəllər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilmiş, ən əsası isə böyük miqdarda dekorativ ağac və gül kolları alınıb. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdirilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilib.

"Yaşıl Marafon" layihəsinin ilk həftəsində keçirilən aksiya zamanı 3000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilmiş, hazırlanmış sahəyə 3500 kvadrat metr qazon otu döşənmiş, əvvəl əkilmiş 2000 ədəd ağaclara qulluq göstərilib.

Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub.

RİH tərəfindən Bakı şəhərinin cənub çıxışında, Salyan yolu boyunca böyük bir ərazidə cari ilin əvvəlindən iri miqyaslı yaşıllaşdırma işləri aparılmış, böyük sayda ağac və gül kolları əkilmişdir və hazırda onlara qulluq göstərilməsi işləri aparılır. Mövsüm ərzində rayonda bu kimi aksiyaların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu ilin noyabr ayından ölkəmizin bütün guşələrində Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla xanım Əliyevanın layihəsi əsasında ağacəkmə kampaniyasına start verilib. Artıq ölkə miqyasında xeyli ağac və gül kolları əkilib. Layihə çərçivəsində görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızın paytaxtında yaşıllıqların artırılması barədə göstərişinin yüksək səviyyədə həyata keçirilməsinə xidmət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə