Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda keçirilən "Uşaq hüquqları aylığı" uğurla davam edir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, ölkənin şəhər və rayonlarında təsisatın, o cümlədən Müvəkkilin regional mərkəzlərinin əməkdaşları tərəfindən aylıq çərçivəsində uşaq hüquqlarının effektiv təmininə və təbliğinə xidmət edən dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur.
Ombudsmanın Cəlilabad Regional Mərkəzinin əməkdaşları Lənkəranın Girdəni kənd, Liman şəhərinin 1 saylı, həmçinin Cəlilabad şəhərindəki 1, 2, 4 və 8 saylı tam orta məktəblərində "Uşaq Hüquqları Konvensiyası" mövzusunda tədbirlər keçiriblər.
Regional mərkəzin rəhbəri Ziya İsmayılov tədbirdə çıxış edərək, respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici, normativ-hüquqi aktlarla tənzimləndiyini vurğulayıb. Ombudsmanın təşəbbüsü ilə start verilən aylığın davam etdiyi bildirilib.
"İnsan hüquqları haqqında" Ümumdünya Bəyannaməsi, Uşaq hüquqları Bəyannaməsi, BMT-nin Uşaq hüquqları Konvensiyası və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun əsas müddəaları haqqında məlumat verilib. Bu sənədlərin uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini əks etdirdiyi bildirilib. Uşaq hüquqlarının təbliğinin əhəmiyyəti, bu sahədə Ombudsman Aparatı tərəfindən həyata keçirilmiş çoxşaxəli fəaliyyət önə çəkilib. Təsisatda uşaq hüquqları üzrə qaynar xəttin fəaliyyət göstərdiyi bildirilib.
Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, Müvəkkilin bu konvensiyanın Milli Məclis tərəfindən ratifikasiya edilməsini, həmçinin "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etdiyi diqqətə çatdırılıb.
İnteraktiv şəkildə və işgüzar müzakirələrlə başa çatan tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB