Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın tanınmış incəsənət xadimləri ənənəvi olaraq Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinin Tərtər rayonundakı "N" saylı hərbi hissəsində, cəbhə bölgəsində düşmənlə üz-üzə dayanmış mövqelərdə xidmət edən əsgər və zabitlərlə görüşüblər.
Tədbir iştirakçıları əvvəlcə cəbhənin ön xəttində əsgərlərimizin xidmət və məişət şəraiti ilə maraqlanıb, onlarla söhbətlər aparıb, sovqatlar çatdırıblar. Rayon ictimaiyyətinin nümayəndələri hərbi hissədə xidmət edən səbailli gənclərlə də görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıblar. Qonaqlar Səbail Rayon İcra Hakimiyyətinin hədiyyələrini, müxtəlif ləvazimatları şəxsi heyətə təqdim ediblər.
Hərbi hissədəki əsgər kazarmaları və xidməti otaqlar, yeməkxana, hərbi texnika və silahlarla tanışlıqdan sonra şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Dövlət Bayrağı Günü münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb. Bildirib ki, Ginnes "Rekordlar kitabı"na düşmüş, dünyanın ən yüksək bayrağının dalğalandığı Dövlət Bayrağı Meydanı Səbail rayonunda yerləşir.
A.Əsgərov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti nəticəsində hərbi hissələrdə ən yüksək şəraitin yaradıldığını vurğulayıb. O, şəxsi heyəti daha yaxşı xidmət etməyə çağırıb və işğal altında olan torpaqlarımızın dövlətimizin başçısının yürütdüyü məqsədyönlü siyasət nəticəsində tezliklə düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib. A.Əsgərov Azərbaycan Silahlı Qüvvələrinin Prezident, Ali Baş Komandanın əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə hər an hazır və qadir olduğunu diqqətə çatdırıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram münasibətilə əsgərləri təbrik edib. O, üçrəngli dövlət bayrağımızın hazırda işğal altındakı torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığını vurğulayıb. "N" saylı hərbi hissənin komandiri şəxsi heyətin xidməti və döyüş hazırlığı barədə məlumat verib, Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyinə hərbi hissə ilə rayon arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirin təşkilinə görə minnətdarlığını bildirib. Hərbi hissədəki bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artırılmasında böyük rol oynadığı vurğulanıb.
Sonra xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin böyük bir qrupu Səbail Rayon İcra Hakimiyyətinin xatirə hədiyyələri ilə mükafatlandırılıb. Daha sonra hərbi hissənin xüsusi təyinatlıları tərəfindən əməliyyat səhnələri nümayiş olunub, incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər. Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə nahar ediblər.
Mərasimdə Səbail Rayon İcra Hakimiyyətinə və incəsənət xadimlərinə hərbi hissənin fəxri fərmanları təqdim olunub. Hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılıb və onlar Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB