Millət vəkili: “Bəzi bölgələrdə bankomatlarla problemlər hələ də qalır”

Millət vəkili: “Bəzi bölgələrdə bankomatlarla problemlər hələ də qalır”

"Azərbaycan bölgələrində pensiyaların verilməsi ilə bağlı heç bir problem yoxdur". SİA-nın məlumatına görə, bunu millət vəkili İlham Məmmədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Millət vəkili qeyd edib ki, bölgələrə edilən səfərlər zamanı seçicilər tərəfindən bununla bağlı heç bir şikayət olunmur və vətəndaşlar razılıqlarını ifadə edirlər.

İ.Məmmədov bəzi bölgələrdə bankomatlarla bağlı bir sıra problemlərin hələ də qaldığını vurğulayıb: "Düzdür, mənim seçildiyim Yevlax rayon mərkəzində bu problem aradan qaldırılsa da, rayon mərkəzindən 30-40 km məsafədə yerləşən ucqar kənd və qəsəbələrdə bu problem özünü daha qabarıq göstərir. Buna görə də əhali pensiya və müavinətlərin verilməsi zamanı şəhər mərkəzinə getməyə məcbur qalırlar. Həmin kəndlərin sakinləri təklif edirlər ki, heç olmasa bizim kəndlərə yaxın 10 kilometr məsafədə bankomatlar quraşdırılsa, ən azından 9-10 kəndin əhalisi mərkəz kimi bura gələr və öz pullarını rahatlıqla çıxara bilərlər".

Deputat vurğulayıb ki, DSMF bu məsələni diqqətdə saxlayaraq, bankomatların artırılması ilə bağlı tədbirlər həyata keçirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə