Qazaxıstanın z001.kz internet saytında "Avrasiya İqtisadi İttifaqı üzrə (AAİİ) müttəfiq Qazaxıstanı və onun Prezidentini ləkələyir" sərlövhəli məqalə dərc edilib. Məqalədə deyilir ki, Ermənistanın bundan sonra İttifaqın ümumi gömrük rüsumları hesabına dolanması az imiş kimi, o, üstəlik müntəzəm olaraq Qazaxıstanın və onun Liderinin ünvanına təhqiramiz hücumlar edir.
Ermənistanın hakimiyyət orqanları bu yaxınlarda onların nəzarətində olan ictimai qurumlar vasitəsilə İrəvanda Nursultan Nazarbayev küçəsinin adının dəyişdirilməsini aktuallaşdırıblar. Bununla da Stalin dövrünün cəlladı Mirzoyanın adını daşıyan küçənin Astana akimatı tərəfindən dəyişdirilərək ilk qazax akademiki Kanış Satpayevin şərəfinə adlandırılmasına görə guya intiqam alıblar. Bütün milli azlıqların qaçıb getdikləri Ermənistanda davakar ksenofobiya dözülməz həddə çatıb. Orada kütləvi repressiyaların və qətllərin təşkilatçılarını tərifləyib göylərə qaldırmaq adi haldır.
Yazıda daha sonra deyilir: "İndi bilinir ki, Qazaxıstan Avrasiya İqtisadi İttifaqında Ermənistana çox mane olur. Səbəb də odur ki, rəsmi Astana İrəvanın AAİİ-yə üzvlüyünün zəruri şərti kimi, işğal edilmiş Qarabağla gömrük sərhədləri olmasını tələb edib. Yəni, Azərbaycanın işğal edilmiş torpaqları beynəlxalq normaların tələb etdiyi kimi, AAİİ-nin gömrük ərazisinin hüdudlarından kənarda qalacaq. Bununla da AAİİ faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Görünür, Qazaxıstanın bu tələbi "böyük Ermənistan" tərəfdarlarının xoşuna gəlməyib. Odur ki, adətləri üzrə hərəkət ediblər, öz KİV-lərində hay-küy qoparmağa başlayıblar. Bu hücumların indiki hakimiyyətlə bağlı olmasına şübhə yoxdur. Ermənistanın maliyyə naziri Pavel Səfəryan bu günlərdə yerli KİV-lərə verdiyi müsahibədə açıq-aydın deyib: "... bilirsiniz ki, qazaxlar bizi bu ittifaqda görməyə o qədər də sevinmirlər. Heç bilirsiniz nə qədər danışıqlar olub? Belə şəraitdə dəqiq vaxt müəyyən etmək olardımı? Qazaxların ucbatından bu il oktyabrın 1-dək sazişin imzalanıb-imzalanmayacağı məlum deyildi. Qazaxlar bu İttifaqa Türkiyəni, Azərbaycanı gətirmək istəyirdilər. Bizi İttifaqda görmək istəyən yeganə ölkə Rusiya idi".
Məqalədə erməni KİV-lərində Qazax xanlığının 550 illiyinin keçirilməsi ilə bağlı təhqiramiz yazıların da yer aldığı diqqətə çatdırılır.
Yazı bu fikirlərlə bitir: "Qazaxıstan sülhsevər ölkədir, lakin lazım gəlsə, xüsusən yerli ermənilərin artıq baş götürüb qaçdığı zəif Ermənistana münasibətdə, həmişə adekvat tədbirlər görə bilər. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün bundan sonra da bütün səylərini səfərbər etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB