ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Balakəndə olub

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Balakəndə olub

Azərbaycanın şimal-qərb bölgəsinə səfər edən ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan noyabrın 6-da Balakən rayonunda olub. AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə qonağa Balakənin yerləşdiyi coğrafi mövqe, əhalinin etnik tərkibi, rayonun iqtisadiyyatı, kənd təsərrüfatı, burada fəaliyyət göstərən sənaye və emal müəssisələri, aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib.

D.Hoqan səfərin şimal-qərb bölgəsi, o cümlədən Azərbaycanın sərhədində yerləşən Balakən rayonu ilə yaxından tanış olmaq məqsədi daşıdığını bildirib.

Görüşdən sonra müvəqqəti işlər vəkili və səfirliyin nümayəndələri rayonun ən böyük emal müəssisəsi olan Balakən konserv zavodunun fəaliyyəti ilə tanış olublar.

Qonaqlar daha sonra rayonun Yeni Şərif kəndində ABŞ-ın Sülh Korpusu könüllüsünün çalışdığı məktəbin kollektivi ilə görüşüblər.

Müvəqqəti işlər vəkili, həmçinin "Mazımçay" sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə tanış olub. O, Balakən şəhərindəki Gənclər Evində rayon gəncləri ilə görüşərək onlarla söhbət edib.

Bununla da ABŞ səfirliyinin müvəqqəti işlər vəkili D.Hoqanın şimal-qərb bölgəsinə səfəri başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə