Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. İlk olaraq Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun "Bioloji aktiv reagentlərin, gübrələrin yaradılması və ilkin sınaqları" adlı məruzəsi dinlənilib.
Məruzədə qeyd edilib ki, uzun illər institutda aparılan tədqiqatlar nəticəsində müalicəvi Naftalan neftinin təmizlənmə texnologiyası və onun əsasında "Ağ Naftalan yağı"nın alınma üsulu hazırlanıb. Bu yağ 2014-cü ildə Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyata alınıb.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.
Sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkə başçısı İlham Əliyevin "Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası"nın təsdiq edilməsi haqqında 20 oktyabr 2014-cü il tarixli fərmanını xatırladıb. Vurğulayıb ki, AMEA-nın nəzdində Təbiət Tarixi Muzeyinin yaradılması fərmanın ikinci bəndində öz əksini tapıb. İclasda muzeyin nizamnaməsi və strukturuna dair müvafiq sənədlərin hazırlandıqdan sonra Nazirlər Kabinetinə təqdim olunması ilə bağlı qərar qəbul edilib. Bununla yanaşı, fərmanın icrasından irəli gələn məsələlər və atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Növbəti qərarla AMEA-nın illik fəaliyyəti haqqında hesabat məcmuəsinin yeni strukturu təsdiq edilib. Məqsəd elmi müəssisələrin ənənəvi hesabat formasını bundan sonra daha müasir, dolğun, obyektiv və aydın tərtib etməkdir.
AMEA-da nəşriyyat fəaliyyətinin müasir dünya standartlarına müvafiq, günün tələbləri səviyyəsində təşkil olunması üçün AMEA-nın "Elm" Nəşriyyat-Poliqrafiya İdarəsinin yaradılması haqqında da qərar qəbul edilib.
İclasda bu ilin 10-11 noyabr tarixlərində keçiriləcək "Bakı Elm Festivalı -2014"-ə hazırlıq haqqında festivalın direktoru və işçi qrupunun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva tədbirlər planının icra bölgüsü və görülən işlər haqqında geniş məlumat verib. Qeyd edib ki, elm və cəmiyyəti, həmçinin elmin müxtəlif sahələrini bir-birinə yaxınlaşdırmaq, elmi nailiyyətləri sərgiləmək və elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. Sonra festivalın ölkədə elmin populyarlaşdırılmasına müsbət təsir edəcəyindən və tədbirin əhəmiyyətindən danışan akademik Akif Əlizadə hazırlıq işləri çərçivəsində AMEA-nın bütün bölmələrinin yüksək səviyyədə iştirakını vacib hesab edib.
Tədbirdə gələn il AMEA və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "İslam maarifçiliyi və müasir dövr" adlı beynəlxalq konfransın keçirilməsi müzakirə olunub. Bildirilib ki, müasir dövrdə müxtəlif dini təsisatlarla bağlı baş verən mürəkkəb sosial-siyasi proseslərin araşdırılması zərurəti humanitar və ictimai elmlər qarşısında mühüm vəzifələr qoyur. Bu məqsədlə beynəlxalq konfransın düzənlənməsi qərarla məqsədəuyğun hesab edilib.
Daha sonra AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev "Azərbaycan alimlərinin I qurultayının təşkili və keçirilməsi haqqında" məsələ ilə bağlı çıxış edib. Bildirib ki, qurultayın keçirilməsi müasir dövrün tələblərindən, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında göstərilən elmin funksiya və vəzifələrindən, o cümlədən Azərbaycanın elmi potensialını səfərbər etmək, ölkənin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan tədqiqatçılar, xarici ölkələrdə yaşayan yerli alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək zərurətindən irəli gəlir.
Qeyd edək ki, qurultayın AMEA, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin birgə təkilatçılığı ilə 2014-cü il dekabrın 19-da keçirilməsi planlaşdırılır.
İclasda Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Vaqif Fərzəliyevin ölkəmizdə kimya elminin inkişafındakı xidmətlərini nəzərə alaraq 75 illik yubileyi münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.
Rəyasət Heyətinin növbəti qərarı ilə akademiyanın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinin icrası tarix elmləri doktoru Musa Qasımlıya həvalə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB