Növbəti ilin təhsil və elm xərcləri açıqlanıb

Növbəti ilin təhsil və elm xərcləri açıqlanıb

Bu gün Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu, Regional Məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr və İnsan Hüquqları Komitələri 2015-ci il üzrə dövlət büdcəsi layihəsini müzakirəyə çıxarıb. SİA-nın xəbərinə görə, ilk olaraq çıxış edən Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, Azərbaycanda oturuşmuş büdcə institutları formalaşıb.

Onun sözlərinə görə, hər zaman olduğu kimi gələn ildə də davamlı iqtisadi inkişafın möhkəmləndirilməsi əsas həfəd kimi seçilib. O həmçinin bildirib ki, bir neçə il əvvəl büdcə gəlirlərində neft gəlirləri 73 faiz idisə, 2015-ci ildə bu göstərici 65 faizə düşüb. Yəni, göstərici təxminən 8 faiz aşağı düşüb: "Azərbaycan 2020 inkişaf konsepsiyasındakı hədəflərə çatmaq üçan tam baza formalaşdırıb.

Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanda gələn il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsinə görə, növbəti ildə təhsil xərcləri üçün 1717,2 milyon manat vəsait ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 3,5 faiz, 2013-cü illə müqayisədə 19 faiz çoxdur.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 52,5 faizi ümumi təhsil, 30,7 faizi təhsil sahısində digər müəssisə və tədbirlərin, 9,7 faizi məktəbəqədər təhsil, 2,3 faizi ali təhsil, 2,6 faizi orta ixtisas təhsili, 2 faizi ilk peşə ixtisas təhsili, 0,2 faiiz əlavə təhsilin maliyyələşdirilməsinə yönələcək.

Gələn il təhsil xərcləri üçün ayrılan vəsaitin 313,9 milyon manatı bır sıra dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə sərf ediləcək.

Azərbaycanda gələn il dövlət büdcəsindən elmə ayrılan maliyyə vəsaitinin məbləği 21,8 faiz artırılacaq. 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsində elm xərclərinə 142 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, 2013-cü illə müqayisədə 21,8 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatların və dövlət təşkilatlarında mövcud olan elmi tədqiqat müəssisələri tərəfindən həyata keçirilən elmi işlərin maliyyələşdirilməsinə yönələcək.

2015-ci il elm xərclərində elmi tədqiqat layihələrinin Elmin İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi üçün 7,6 milyon manat, latın qrafikalı kitabların çapı üçün 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və təmiri üçün 2 milyon manat, elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir laboratoriya avadanlıqlarının alınması üçün 4,9 milyon manat ayrılacaq.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun fəaliyyəti üçün 1 milyon manat vəsait nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə