Azərbaycanda müasir sığorta-pensiya sistemi formalaşdırılıb

“Doing Business 2015” hesabatında Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində 32 pillə irəliləyib
Azərbaycanda müasir sığorta-pensiya sistemi formalaşdırılıb

Sosial sığorta haqqı ödənişlərinin və hesabatlarının avtomatlaşdırılması nəticəsində Azərbaycan "Doing Business 2015" hesabatında 32 pillə irəliləyib. Hesabata əsasən, Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində daha da irəliləyib. Təbii ki, bu, ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstəricidir.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. Buna "Elektron hökümət" portalının yaydığı statistikası misal çəkmək olar. Belə ki, statistikaya görə Fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur. Ötən dövr ərzində bütün zəruri işlər görülərək məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması tam başa çatdırılıb ki, bu da beynəlxalq təşkilatın reytinq göstəricisində öz əksini tapıb. Digər tərəfdən, bütün bunlar sosial sığorta ödəyicilərinin aktiv iştiraka cəlb edilməsi istiqamətində həyata keçirilən islahat tədbirləridir.

Bu gün Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Hazırda DSMF-nin fərdi uçot sistemində 2 milyon 886 mindən çox şəxs qeydiyyatdadır. Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər bir şəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır. Bu o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir.

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm Dövlət Sosial Müdafə Fondunun saytı (www.sspf.gov.az), həm də "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə "Sığortaolunanlara məlumatların verilməsi" adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir.

"Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi" elektron xidməti sığortaedənlər, o cümlədən işəgötürənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesini xeyli asanlaşdırmaqla yanaşı, bu sahədə şəffaflığın daha da artırılmasına xidmət edir.

Hesabatların elektron qaydada təqdim edilməsini nəzərdə tutan "Elektron hesabat" xidməti isə DSMF-nin sığortaedənlər tərəfindən ən fəal istifadə olunan elektron xidmət növlərindən biridir. Hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım masaları"nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanına malikdirlər.

Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Həmçinin, pensiya yaşına çatmış hər bir vətəndaşa hər hansı sənəd toplamadan və vaxt itirmədən Fondun 190 çağrı mərkəzinə zəng vurub, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə, real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanı yaradılıb. Bundan əlavə, ölkədə pensiya ödənişlərinin 99,9 %-nin plastik kartlarla aparılması, bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan "Pensiya+"xidməti xüsusi vurğulanmalıdır.

Onu da xatırladaq ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 220 585 sığortaolunana fərdi şəxsi hesab açılıb. İlin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 8,2 faiz artıb. Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı isə 2 911 942 nəfərə yüksəlib.

Bu gün ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir və bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik şəraitində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir. Həmin mexanizmin çevik fəaliyyəti nəticəsində ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin açılması və qeydiyyatın gücləndirilməsi hesabına son 10 il ərzində Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manata çatıb.

Azərbaycanda uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir. Çünki beynəlxalq təcrübə bir daha təsdiq edir ki, pensiya sistemlərinin səmərəliliyi, bu sistemlərin hazırkı cəlbediciliyi və sosial imtiyazlar təqdim etməsi ilə deyil, uzunmüddətli perspektiv üçün maliyyə dayanıqlığına malik olmaları ilə ölçülür.

Samirə Abdullayeva

Yazı DSMF-nin "Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır" mövzusunda müsabiqəyə təqdim olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə