Biliyə əsaslanan inkişafın uğur formulu müzakirə edilib

Biliyə əsaslanan inkişafın uğur formulu müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və "Dostluq" Gənclərin Əlaqələndirmə Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən "Davamlı insan inkişafının təmin edilməsində qeyri-hökumət təşkilatlarının rolu" adlı ixtisasartırma kursu layihəsinin icrası ilə əlaqədar növbəti tədbir keçirilib.

Tədbirdə qeyd edilib ki, Prezident İlham Əliyevin "qara qızılı insan kapitalına çevirmək" strategiyası və bu istiqamətdə imzaladığı sənədlər onu deməyə əsas verir ki, ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələdə davamlı inkişafı təmin etmək üçün bilik iqtisadiyyatı dominantlıq təşkil etməlidir. Bu isə heç şübhəsiz ki, təhsil və biliklə bağlıdır. Ölkədə kadr hazırlığını həyata keçirən müvafiq müəssisələrlə yanaşı, ixtisasartırma kurslarına aid layihələrin həyata keçirilməsi olduqca aktualdır. Bu gün ölkəmizdə müxtəlif sahələr üzrə peşəkar kadrların hazırlanmasında, bütövlükdə insan potensialının formalaşmasında QHT-lərin rolu xüsusi qeyd edilməli, davamlı insan inkişafı üçün ən vacib və həlledici amillərin təhsil və idarəetmə ilə bağlı olduğu nəzərə alınmalıdır. Hər bir demokratik cəmiyyətdə qəbul edilir ki, müxtəlif QHT-lərin dəstəyi olmadan davamlı inkişaf səmərə verməz. Bu, onunla izah edilir ki, əksər QHT-lərin qarşısına qoyduğu məqsəd və vəzifələr son nəticədə hakimiyyət orqanlarının həyata keçirməli olduğu vəzifələrlə uyğunluq təşkil edir. Bunlar dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən bir çox sosial, iqtisadi, hüquqi, mədəni və s. məsələlərin həlli ilə bağlıdır. QHT-lər ölkənin ümumi inkişafına kömək edir, həyata keçirilən məsələlərin həllinə töhfələrini verirlər. Faktiki olaraq, dövlət və vətəndaş cəmiyyəti vahid mexanizmin bir-birindən asılı olan tərkib hissələri kimi çıxış edir və onların əməkdaşlığı zəruri tələbata çevrilir. Bu müsbət tendensiya özünü davamlı insan inkişafının təmin edilməsində də göstərir.

Digər çıxış edənlər qeyd ediblər ki, bilik və bacarıqların gələcəyə ötürülməsində ən fəal qüvvə QHT-lərdə formalaşan gənclər olduğu üçün onlara daha çox diqqət ayrılmalıdır. "Davamlı insan inkişafının təmin edilməsində qeyri-hökumət təşkilatlarının rolu" adlı ixtisasartırma kursu layihəsi konsepsiyası bu sahədə kadr potensialının formalaşmasının, ixtisasların artırılmasının təşviqinə nail olmağı, bilik və bacarıqların təkmilləşdirilməsini, dövrün çağırışlarına uyğunlaşdırılmasını hədəf kimi qarşıya qoyur.

Bütün xəbərlər Facebook səhifəmizdə