“Uşaq hüquqları” aylığı davam edir

“Uşaq hüquqları” aylığı davam edir

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə hər il ənənəvi olaraq, oktyabrın 20-dən noyabrın 20-dək "Uşaq hüquqları" aylığı keçirilir, paytaxt Bakıda, respublikanın ayrı-ayrı bölgələrində hüquqi maarifləndirmə tədbirləri təşkil olunur. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, aylıq çərçivəsində müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları ilə yanaşı, Müvəkkilin Gəncə, Şəki, Quba və Cəlilabad Regional Mərkəzləri də əhali arasında dəyirmi masalar, seminarlar, müsabiqələr keçirirlər.

Şəki Regional Mərkəzinin əməkdaşları Şəki şəhər 7 və 14 saylı tam orta məktəblərində, həmçinin rayonun Aşağı Layskı kənd məktəbində şagirdlərin, valideynlərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə hüquqi maarifləndirmə tədbirləri təşkil ediblər.

Tədbirlərdə Ombudsmanın nümayəndələri hüquq və azadlıqlar barədə bilgilər aşılanmasının uşaqların gələcək həyatında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. İştirakçılara BMT-nin 20 noyabr 1989-cu il tarixində qəbul etdiyi mühüm beynəlxalq sənədlərdən olan Uşaq Hüquqları Konvensiyası, habelə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu və digər qanunvericilik aktları barədə ətraflı məlumat verilib.

Həmçinin Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə əməkdaşlıqda Uşaq hüquqları üzrə pilləli tədris layihəsinin uğurla həyata keçirildiyi, şagirdlərin həmyaşıddan-həmyaşıda prinsipi ilə öz hüquqları barədə biliklərə yiyələndiyi diqqətə çatdırılıb.

Ombudsman Aparatında hər il 10 dekabr--Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə "Mən və hüquqlarım " mövzusunda ənənəvi uşaq rəsm müsabiqəsinin keçirildiyi, qaliblərin mükafatlandırıldığı bildirilib. Bu müsabiqələrin uşaqların dünyagörüşünün zənginləşməsində, ən başlıcası isə öz hüquqlarını mükəmməl bilməsində mühüm rol oynadığı vurğulanıb.

Yeri gəlmişkən, Avropa Komissiyasının dəstəyi ilə BMT-nin Uşaq Fondu (YUNİSEF) və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən imzalanan birgə iş planına əsasən, ölkənin digər regionları ilə yanaşı, Şəkidə də "Yuvenal ədliyyə aspektində uşaq hüquqlarının müdafiəsi: beynəlxalq və milli standartlar" mövzusunda təlimlərin keçirildiyi diqqətə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə