Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov Respublikanın sabiq prezidenti Roza Otunbayeva ilə görüşüb. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, görüşdə komitənin dəstəyi ilə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə 2015-ci ilin aprelində keçirəcəyi III Qlobal Müştərək Cəmiyyətlər Forumu müzakirə edilib. Forumun qlobal əhəmiyyətini vurğulayan eks-prezident Mərkəzin dəvətini qəbul edərək növbəti tədbirdə iştirak edəcəyini bildirib. Qeyd edək ki, R.Otunbayeva buna qədər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis toplantısına da qatılıb.
Rövşən Muradovla Roza Otunbayevanın görüşündə Azərbaycan və Qırğızıstan arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolu, Nizami irsinin Qırğızıstanda təbliği, "Prezident Otunbayeva Fondu" ilə əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb. Eks-prezident rəhbərlik etdiyi "Otunbayeva Fondu"nun layihələri çərçivəsində qırğız uşaqlarını Nizami Gəncəvi yaradıcılığı ilə tanış etdiklərini bildirib və bu fəaliyyəti gələcəkdə daha da genişləndirmək niyyətində olduqlarını deyib.
Qeyd edək ki, iki il əvvəl təsis olunmuş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin məqsədi Azərbaycan dahi şairi Nizami Gəncəvinin irsinin araşdırılması, əsərlərindəki ümumbəşəri ideyaların - xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın dünyada təbliğ olunmasıdır. Bu istiqamətdə Madrid Klubu ilə sıx əməkdaşlıq edən Mərkəz eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2013 və 2014-cü illərdə nüfuzlu siyasi liderlərin iştirakı ilə Qlobal Müştərək Cəmiyyətlər Forumu keçirib. Növbəti Forumun 2015-ci ilin aprelində keçirilməsi planlaşdırılıb, tədbirdə 40-dan artıq ölkənin sabiq və hazırkı dövlət və hökumət rəhbərinin iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB