Prokurorluqdan qətl açıqlaması

Eldar Sultanov: "Oğul və atanın meyitləri ekspertizaya götürülüb"
Prokurorluqdan qətl açıqlaması

Baş Prokurorluq oktyabrın 1-də bir ailənin 7 üzvünü qumbara ilə partladaraq öldürən Goranboy rayon sakinin qardaşının intihar etməsi və atasının ölümü ilə bağlı açıqlama verib.

Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, qətli törədən Rafiq Hüseynovun qardaşı 1984-cü il təvəllüdlü Afiq Hüseynovun və onun atası Müzəffər Hüseynovun meyitləri ekspertizaya götürülüb.

İlkin ehtimala görə, A.Hüseynov intihar edib. Daha sonra oğlunun ölümü atası M.Hüseynova xəbər verilib. Hadisə yerinə gələn M.Hüseynov oğlunun intihar etdiyi görərək dünyasını dəyişib.

Qeyd edək ki, hadisə oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb.

Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

Ölənlərdən İ.Məmmədov 3 yaşlı olub.

R.Hüseynov könüllü olaraq Goranboy rayon polis şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

İlkin məlumata görə, hadisəyə səbəb qısqançlıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə