Komitə sədri: “Çağırışlarımız müsbət nəticəsini verib”

Komitə sədri: “Çağırışlarımız müsbət nəticəsini verib”

"Cəmiyyətin tələbi kimi yas mərasimlərində ifrat israfçılığa yol verilməməsi ilə bağlı edilən çağırışlar öz müsbət nəticəsini verib". SİA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri bildirib ki, artıq bir çox rayonlarda yas mərasimləri zamanı ifrat israfçılığa yol verilmədiyi müşahidə olunur: "Hesab edirik ki, bu məsələ maarifləndirmə yolu ilə olmalıdır. Yerlərdə də bununla bağlı şöbələrimiz izahat işlərini davam etdirir. Həmçinin məscidlərdə axundlar, imamlar Qafqaz Müsəlmanları İdarəsinin bəyanatına uyğun izahat işini aparır. Bu, İslam dinin tələblərinə də uyğundur".

M. Qurbanlı vurğulayıb ki, milli adət ənənələr qanunla tənzimlənə bilməz: "Bu, zamana bağlı məsələdir. Bu, xalqdan gəlir və onun istəyi ilə zamana uyğun olaraq dəyişikliyə məruz qalır. Milli ənənələr qanunla tənzimlənə bilməz və burada hər hansı bir qanunvericilikdən söhbət getmir".

M. Qurbanlı deyib ki, bu çağırışlar yalnız islam cəmiyyətinə deyil, ölkədə yaşayan xristianlar və digər dinlərin daşıyıcılarına da aiddir: "Bu gün yəhudi icmasının nümayəndələri ilə görüşdə də bu məsələ müzakirə olunacaq. Biz yas mərasimlərində ifrat israfçılığa yol verilməsini istəmirik və vətəndaşlarımızı da bunu etməməyə çağırırıq".

Komitə sədri bildirib ki, hazırda toy mərasimləri ilə bağlı müəyyən islahatların aparılması istiqamətində işlər gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə