Aşura günündə "Cümə" məscidində qanvermə aksiyası keçiriləcək

Aşura günündə "Cümə" məscidində qanvermə aksiyası keçiriləcək

Noyabrın 4-nə təsadüf edən Aşura günündə respublikamızın bir çox dini ibadət yerlərində, o cümlədən Bakıdakı 8 məsciddə könüllü qanvermə aksiyalarının keçirilməsi qərara alınıb. SİA-nın xəbərinə görə, Səbail rayonundakı 2 məsciddə - İçəri şəhər "Cümə" məscidi və Bibiheybət məscidində də bu aksiya keçiriləcək.

Məsələ ilə bağlı İçəri şəhər "Cümə" məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, 9 ildir Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı məsciddə könüllü qanvermə aksiyaları təşkil olunur. Məscidin dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq "Cümə" məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb.

Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir, heç bir yerdə qəbul olunmur və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir: "Bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidir. Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla və vətən uğrunda şəhid olanların şəninə xütbələr oxunacaq, şəhidlərin əziz xatirəsi yad ediləcək. Eyni zamanda həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunacaq. Talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik və "Cümə" məsciddə bu aksiya artıq 9-cu dəfə təşkil olunacaq".

Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işləri aparılıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulmacaqlar. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 200-dən çox insan iştirak edib. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olub.

Məlumat üçün bildiririk ki, aksiyanın keçiriləcəyi Bibiheybət məscidində də könüllü qanvermə aksiyası ilə əlaqədar bütün hazırlıq işləri artıq başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə