Hacı Surxay: “Aşura günü qara parçaların satılması yol verilməzdir”

Hacı Surxay: “Aşura günü qara parçaların satılması yol verilməzdir”

"Aşura xalqın milli-mənəvi ruhunda hər zaman olub". Bunu SİA-ya Cümə məscidinin axundu Hacı Surxay Məmmədli söyləyib. Bildirib ki, insanların tarix boyu inkişafında aşura fəlsəfəsinin böyük təsiri olub: "Aşura deyiləndə İmam Hüseynin, İslamın və 72 nəfərin Kərbəla çölündə haqq uğrunda döyüşdə şəhid olmasıdır. Aşura günü İmam Hüseynin (ə) şəhadətə çatdığı gündür. İmam Hüseynin (ə) fədakarlığı, əzəməti, böyüklüyünün öyrənilməsi üçün hələ biz çox dərsliklər oxumalıyıq. Eyni zamanda aşurada Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının verdiyi fətvada təbii ki, bütün din alimlərinin xüsusi həddin olması göstərilir. Yəni zəncir vurmaq, naməhrəmə öz bədənini nümayiş etdirib, burada qan tökəcəksənsə bu İslam dini tərəfindən də qəbul olunmur. Bu məsələnin arxasında əxlaqi kodeks dayanır. Zaman-zaman bütün Avropa ölkələri İslam dinini cinayət, qan tökən din kimi nümayiş etdiriblər. Aşura günü bədənlərinə zəncir vurub qan tökmək bütün dünyada İslam dinini cinayətkarlıq kimi tanıtdırırdı. Artıq 9 ildir ki, Məhərrəm ayında könüllü qanvermə aksiyaları təşkil olunur. Toplanan qanlar isə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində istifadə olunur. Bu qanı verməklə biz insanların həyatlarını xilas edirik. Eyni zamanda Qurani-Kərim buyurur ki, "Bir insanı öldürmək, bəşəriyyəti öldürməkdir. Bir insana həyat vermək bəşəriyyətə həyat verməkdir". Bunun fonunda zəncir vurub boşuna qan axıtmaqdansa, bir insana qan verib onun həyatını xilas edə bilərsən. İmam Hüseyn məktəbi öldürmək deyil, dirilmək, ömür verməkdir".

Hacı Surxay Məmmədli aşura günü bəzi işbazların məscidlərdə insanlara qara parçaların satılmasına da münasibət bildirib: "Biz aşura günü ziyarətgahlarda möminlərə qara parçaların satılmasının birmənalı şəkildə qarşısını alırıq. Artıq 2 ildir ki, bu məslə üçün xüsusi nəzarət komissiyası yaradılıb. Əslində hər insan öz ölüsünə qara geyinir. Yəni qara taxmaq təqdirə layiqdir. Qara, yas mərasimlərinin simvolu kimi təqdim olunur. Ancaq aşura günü qara sarğıların pulla satılması yol verilməzdir. Bu həm də dövlət zəmnində korrupsiyadır. Hətta bir neçə il bundan öncə bu cür hərəkətlər olunurdu. Lakin onlara son qoyulub. Çünki bu İmam Hüseynə və mərasimə hörmətsizlik hesab olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə