"Torpaq uğrunda ölən varsa vətəndir!"

"Torpaq uğrunda ölən varsa vətəndir!"

Bu gün Bakı Slavyan Universitetində Azərbaycanın Milli qəhrəmanı fəxri adına layiq görülən, Zəngilan uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan, şəhid təyyarəçi Əsəd Soltan oğlu Əsədovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimi giriş sözü ilə açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev vətən yolunda canından keçən Milli qəhrəmanın şücaətindən fəxr hissi ilə danışıb: "1992-ci il Xocalıda mənfur ermənilər tərəfindən törədilmiş qanlı döyüşlərdə mərdlik göstərən şəhid təyyarəçi Əsəd Əsədov 1993-cü il oktyabrın 29-da Zəngilanın işğalı zamanı şəhid olaraq Azərbaycanın Milli qəhrəmanı fəxri adına layiq görülmüşdür. Şəhidlərin xatirəsinə həsr olunan belə tədbirləri təşkil etmək tarix qarşısında vəfa borcumuzdur." O, həmçinin dövlət başçısı, Prezident İlham Əliyevin güclü səyi nəticəsində yaxın gələcəkdə Qarabağın işğaldan azad olunacağına inandığını və ölkənin hazırkı potensialının Qarabağ konfliktinin həllinə yönəldiyini vurğulayıb.

Rektorun çıxışından sonra tədbir iştirakçıları Qarabağ uğrunda həlak olan şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə Azərbaycan Respublikası Milli qəhrəmanlar birliyinin sədri Mirbəşir Seyidzadə, Milli qəhrəman İlqar İsmayılovun qardaşı İlham İsmayılov, Milli qəhrəman Fred Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov öz çıxışlarında şəhid Əsəd Əsədovun vətən yolunda əzm və mərdliklə göstərdiyi qəhrəmanlığından söhbət açıblar. Tədbirdə şəhidin həyat yoldaşı Sevil Əsədova və yaxın qohumları da iştirak ediblər.

Sonda qonaqlar anım mərasimini təşkil etdiyinə görə universitet rəhbərliyinə dərin hörmət və təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə