Toy mərasimlərində istehlakçı hüquqları necə qorunur?

Toy mərasimlərində istehlakçı hüquqları necə qorunur?

"Son vaxtlar toy şənliklərində istehlakçı hüquqlarının qorunması məsələsinin gündəmə gətirilməsi alqışlanmalıdır. Xüsusən media, QHT, vətəndaş cəmiyyəti institutları bu sahədə öz sözünü deməlidir". Bunu SİA-ya açıqlamasında "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.

O bildirib ki, pozulan hüquqlar sizin, bizim, hamımızındır: "Reallıqdır ki, bu gün şadlıq sarayları toy sahiblərinə xidmət və təklifləri diqtə edir. Bəzi şadlıq evlərində bir adam üçün 100- 200 manat menyunun təklif edilməsi isə absurd görünür. Ancaq illərdir ki , bu proses dərinləşməkdə, toy menyuları isə "şişməkdə" davam edir. Bu sahədə demək olar ki, təklif etdiyi menyu bir-birinə yaxın, bəlkə də təxminən eyni olan şadlıq evlərində qiymətlərə etiraz edənə isə "get, başqa yer seç" deyirlər".

R.Mehdiyeva qeyd edib ki, bütün bunların qarşısının alınmasında əsas amillərdən biri ictimai fəallığın artırılmasıdır: "Əgər bu sahədə ictımai qınaq yarada bilsək, problemləri necə deyərlər, ictimai səkildə həll edə bilərik. Daha bir vacib məsələ toy sahiblərinin "məmuniyyətlə" pullarını sağa –sola xərcləməsidir. Unutmamaq lazımdır ki, dəbdəbəli toy mərasimlərinin keçirilməsi artıq israfçılıq, xoşbəxtliyə aparan yol deyildir. Yaxşı olar ki, bu cür mərasimlərə xərclənən vəsaitlər sadə toy mərasimləri təşkil etmək imkanları olmayan gənclərin izdivaclarının rəsmiləşdirilməsinə yönəldilsin. Dəbdəbəli toy arzusunda olanlar şadlıq evlərində paralel olaraq , imkanları aşağı olan gənclərin toyunu da təşkil edə, bunu öz toy mərasimində elan edə bilər. Bu daha savab, daha "reklamtutumlu" olardı".

QHT sədri əlavə edib ki, toy mərasimini necə və harda təşkil etmək, mal və xidmətləri seçmək isə bizim, isteklakçıların hüququdur: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunda deyildiyi kimi, bizim - istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək hüquqlarımız var. Hüquqlarımızı bilək və qoruyaq!".

Bütün xəbərlər Facebook səhifəmizdə