Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının yeni binasında Bakı Elm Festivalına hazırlıq işləri ilə əlaqədar mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda ilk olaraq çıxış edən festivalın direktoru, eləcə də AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının Təhsil şöbəsinin müdiri Nuridə Quliyeva bildirib ki, tədbir noyabrın 10-u və 11-i baş tutacaq.
O, festivalın əhəmiyyəti, xarici ölkələrin bu sahədəki təcrübəsi və Azərbaycanda bu istiqamətdə görülən işlər barədə məlumat verib: "Festivala hazırlıq çərçivəsində akademiyanın elmi nailiyyətlərinin təbliği və ölkəmizdə elmə marağın artırılması istiqamətində geniş tərkibli fəaliyyət proqramı hazırlanıb. Proqramda ölkə alimlərinin ixtiralarına aid eksponatların nümayişi, maraqlı mühazirələr, əyləncəli elmi şouları və muzeylərə ekskursiyalar nəzərdə tutulur".
Bildirilib ki, Festival və konsert proqramları paytaxtın müxtəlif yerlərində, o cümlədən "Akademiya şəhərciyi"nin həyətində, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının, Geologiya və Geofizika, Fizika, Ədəbiyyat və digər institutlarında, həmçinin Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Dövlət, Azərbaycan Tibb və başqa universitetlərdə keçiriləcək. Eyni zamanda 6, 23 və 132-134 nömrəli orta məktəblərdə də festivalın proqramlarını izləmək mümkün olacaq. Festival çərçivəsində Akademiyanın Milli Azərbaycan Tarixi, Arxeologiya və etnoqrafiya muzeylərinə ekskursiyalar təşkil ediləcək. Tədbirlə hər kəs üçün açıq olacaq.
Sonra Bakı Elm Festivalının təşkilində köməklik göstərən Bakı şəhər İcra Hakimiyyəti, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, həmçinin layihənin sponsorları olan ARDNŞ və "Azercell"in nümayəndələri çıxış edərək tədbirin əhəmiyyəti və hazırlıq işlərini müsbət qiymətləndiriblər.
Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB