Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ötən illərdə olduğu kimi, bu il də BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda "Hər bir uşağın qayğısına qalaq!" devizi ilə "Uşaq hüquqları aylığı" keçirmək təşəbbüsünü irəli sürüb. SİA-nın xəbərinə görə, aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması və uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Aylıq çərçivəsində ölkənin şəhər və rayonlarında təsisatın, o cümlədən Ombudsmanın Gəncə, Quba, Şəki və Cəlilabad regional mərkəzlərinin əməkdaşları tərəfindən uşaq hüquqlarının effektiv təmininə və təbliğinə xidmət edən dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur.
Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları bu aylıq çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyi ilə birlikdə Gəncə şəhərindəki 2 saylı peşə liseyində "Uşaq Hüquqları Konvensiyası" mövzusunda tədbir keçiriblər.
Regional mərkəzin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxış edərək, respublikamızda uşaq hüquqlarının təmin olunması istiqamətində bir sıra sosial, iqtisadi və hüquqi islahatların həyata keçirildiyini, bu sahədə mühüm qanunvericilik aktları və dövlət proqramlarının qəbul edildiyini söyləyib. Respublikamızda uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Konstitusiyası və bir sıra qanunverici, normativ-hüquqi aktlarla tənzimləndiyi vurğulanıb. O, Ombudsmanın təşəbbüsü ilə keçirilən aylığın uğurla davam etdiyini söyləyib.
Qeyd olunub ki, bu sahədə əsas normativ sənəd 1998-ci ildə qəbul edilmiş "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunudur. Bu qanun bir sıra beynəlxalq sənədlərə, xüsusilə də "İnsan hüquqları haqqında" Ümumdünya Bəyannaməsi (1948), Uşaq hüquqları Bəyannaməsi (1959), BMT-nin Uşaq hüquqları Konvensiyası (1989), həmçinin Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi üzrə Ümumdünya Bəyannaməsinə (1990) uyğun şəkildə hazırlanıb. Bu sənədlərin uşaqların beynəlxalq səviyyədə təsbit olunmuş əsas hüquq və azadlıqlarını, eləcə də bu hüquqların reallaşdırılması üçün dövlətin vəzifələrini özündə əks etdirdiyi bildirilib. İnsan hüquqlarının yaranma tarixi, bu sahədə olan beynəlxalq sənədlər və müdafiə mexanizmləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, uşaq zorakılığına qarşı mübarizədə uşaq hüquqlarının təbliğinin əhəmiyyəti, bu sahədə Ombudsman Aparatı tərəfindən həyata keçirilmiş çoxşaxəli fəaliyyət önə çəkilib.
Tədbirin sonunda peşə liseyinin rəhbərliyi tərəfindən Gəncə Regional Mərkəzinin əməkdaşlarına təşəkkür bildirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə