Küveyt mətbuatı “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”dan yazdı
28-30 oktyabr tarixlərində Bakıda keçirilən "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"un işi, həmçinin, Küveytin İnformasiya (eyni zamanda, İdman, Gənclər, Mədəniyyət məsələləri üzrə nazir) naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahın ölkəmizə səfəri və səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyi, eyni zamanda, gənclər və idman naziri Azad Rəhimov və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşləri barədə Küveytin aparıcı "Əl-Siyəsə", "Əl-Ray", "Əl-Ənba", "Əl-Qabas", "Əl-Vasat", "Əl-Nahar", "Əl-Cəridə", "Əl-Vatan" "Arab Times", "Kuwait Times" qəzetlərində geniş məqalələr nəşr edilib, KTV-1, KTV-2 və Əl-Ray televiziya kanallarında süjetlər yayımlanıb. Azərbaycanın Küveytdəki Səfirliyindən SİA-ya verilən xəbərə görə, məlumatlarda küveytli nazirin ölkəmizdə olmağından məmnunluq hissi keçirdiyi, paytaxt Bakı şəhərində şahidi olduğu sürətli iqtisadi inkişafa heyran qaldığı vurğulanıb, forumun bütün dünyada gənclər siyasətinə müsbət təsir göstərəcəyinə ümidvar olduğu bildirilib. Qeyd olunanlarla yanaşı, məqalələrdə küveytli nazirin dövləti tərəfindən forumun yüksək qiymətləndirildiyi və ölkəsi üçün xüsusi əhəmiyyət kəsb etdiyi, həmçinin olduqca yüksək səviyyədə keçirildiyi bildirilib.
Küveytin "Əl-Siyəsə" və "Əl-Nahar" qəzetlərində isə 27 oktyabr 2014-cü il tarixində Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) investisiyalar və enerji tənzimlənməsi üzrə 13-cü illik konfransı barədə məlumatlar nəşr edilib. Məlumatlarda Azərbaycanın tanınmış neft və qaz ölkəsi olduğu, bu ölkədə proqnozlaşdırılan qaz ehtiyatlarının 3,35 trilyon kubmetr, neft ehtiyatlarının isə 2 milyard ton həcmində qiymətləndirildiyi qeyd olunub. Həmçinin, neft ölkəsi kimi dünyada tanınan Azərbaycanın artıq 1999-cu ildə Şahdəniz yatağında aşkarlanmış qaz ehtiyatlarına görə qaz ölkəsinə çevrildiyi bildirilib. Azərbaycanın 2007-ci ildən Bakı-Tiflis-Ərzurum boru kəməri vasitəsilə Türkiyə və Gürcüstan Respublikalarına, həmçinin Avropaya neft və qaz ixrac etdiyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB