ARGTMŞ sədri: "Gənclərə düzgün məlumatlar çatdırılmalıdır" Açıqlama

ARGTMŞ sədri: "Gənclərə düzgün məlumatlar çatdırılmalıdır" Açıqlama

"Böyüməkdə olan gənc nəslin xalqımızın üzləşdiyi faciələr, soyqırımlar, eləcə də işğalçı faktlarla bağlı məlumatlarının bir o qədər yetərli olmamasının səbəbləri çox ola bilər. Lakin ən əsas səbəb gənclərə düzgün məlumatların çatdırılmamasıdır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, digər səbəblərdən biri də müasir gənclər vaxtilə baş vermiş faciələr, eləcə də Dağlıq Qarabağla bağlı hadisələrin şahidi olmamalıdır: "Bu səbəbdən deyilənləri sırf tarixi fakt kimi qəbul edirlər. Lakin proseslərin içərisində olan insanlarımızın tarixi faciələri unutmaları mümkünsüzdür. Ona görə də gənc nəslə baş verənləri xatırlatmağa ehtiyac var".

Şura sədri onu da qeyd edib ki, bu gün ölkəmizdə bu istiqamətdə ciddi layihələr həyata keçirilir: "Bununla bağlı Heydər Əliyev Fondunun I vitse-prezidentli Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət kampaniyası" start götürdü. Fondun məsələ ilə bağlı layihəsi hazırda uğurla davam edir. Eyni zamanda bu gün işğal olunan ərazilərimizlə bağlı bir çox beynəlxalq tədbirlər həyata keçirilir. Odur ki, bu istiqamətdə işlər daha da genişlənməlidir".

Ş. Seyidzadə əlavə edib ki, kənd və ya şəhərdə yaşayan gənclərimiz qədim və müasir Azərbaycan tarixini bilməlidir, çünki bu, ilk növbədə onların vətəndaşlıq borcudur: "Ən əsası da gənc nəslimiz mütləq şəkildə Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağ haqqında məlumatlı olmalıdır. Hətta bunu ətraflarında olan insanlara da aşılaya bilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə