Azərbaycan diasporu Berlinin mərkəzində mitinq keçirib

Azərbaycan diasporu Berlinin mərkəzində mitinq keçirib

2014-cü il oktyabrın 29-da Almaniyada yaşayan azərbaycanlı həmvətənlər Berlinin lap mərkəzində - AFR parlamentinin toplaşdığı Reyxstaq binasının qarşısında mitinq keçiriblər. Mitinq Almaniya Azərbaycanlılarının Əlaqələndirmə Mərkəzi, Azərbaycanın Berlin Evi, Bilifeld, Drezden və Maqdeburqun diaspor cəmiyyətləri tərəfindən təşkil olunub. Bu, Almaniya paytaxtının mərkəzində Azərbaycan diasporu tərəfindən keçirilən ilk aksiyadır.

Mitinqin iştirakçıları Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsindən qəzəbləndiklərini bildirib, diqqəti Avropada yeridilən ikili standartlar siyasətinə yönəldib, habelə bütün dünya azərbaycanlılarını əlbir olmağa, tarixi Vətəndə yaşayan xalqla həmrəy olmağa çağırıblar. Onlar respublika Prezidenti İlham Əliyevə tam etimad bəslədiklərini ifadə edərək ölkəmizin nailiyyətlərini – müstəqilliyin, demokratiyanın möhkəmləndiyini, hüquqi dövləti, bütün sahələrdə əldə edilmiş tərəqqini xatırladıblar.

Mitinqdə təqribən 300 adam – diasporun Almaniyanın müxtəlif şəhərlərindən gəlmiş nümayəndələri, ölkədə təhsil alan tələbələr, habelə müxtəlif millətlərdən olan adamlar, o cümlədən Azərbaycanı və onun indiki siyasət xəttini dəstəkləməyə gəlmiş almanlar iştirak ediblər.

Mitinqdə iştirakçıların yekdilliyi və tədbirin özünün yaxşı təşkil edildiyi hiss olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə