Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsi (ŞACQKT Layihəsi) çərçivəsində BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi Dövlət Miqrasiya Xidmətinin (DMX) Qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) idarəsi ilə əməkdaşlıq şəraitində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəstəyi ilə 30 oktyabr 2014-cü il tarixində Quba şəhərində Azərbaycan Respublikasının şimal sərhəd rayonlarında çalışan sərhədçilər və digər hüquq-mühafizə orqanlarının nümayəndələri üçün birgə təlim keçirir. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən SİA-ya verilən xəbərə görə, təlimin məqsədi ölkənin sərhəd rayonlarında işləyən və sığınacaq/miqrasiya məsələlərinə cəlb olunan hökumət rəsmilərinin bacarıq, bilik və təcrübələrinin daha da inkişaf etdirilməsinə töhfə verməkdən ibarətdir. Həmçinin təşkilatçılar Dövlət Mİqrasiya Xidməti və BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə hazırlanmış "Azərbaycanda Sığınacaq" adlı məlumat kitabçalarının da paylanılmasını həyata keçirməyi planlaşdırırlar.
Təlimin sessiyaları BMT QAK-ın və Dövlət Miqrasiya Xidmətinin QSM idarəsinin əməkdaşları tərəfindən aparılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası 2013-ci ilin aprel ayında fəaliyyətə başlayan Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü layihəsində iştirak edən altı ölkədən biridir. İki illik layihə Avropa İttifaqı və BMT QAK tərəfindən birgə maliyyələşdirilərək BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurları və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlmişdir. Azərbaycan Respublikası ilə yanaşı, layihə Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı da əhatə edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB