Azərbaycan ENOC-un 18-ci illik konfransında təmsil olunub

Azərbaycan ENOC-un 18-ci illik konfransında təmsil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Gülnar Rəhimova bu günlərdə Şotlandiyanın Edinburq şəhərində keçirilən Avropa Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) 18-ci illik konfransı və Baş Assambleyasında iştirak edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Azərbaycan Ombudsman təsisatı İnnoçenti Tədqiqat Mərkəzinin tövsiyəsi ilə 2008-ci ildə Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə üzv olub.

Beynəlxalq tədbirlər "Uşaq və gənclərin hüquqlarının həyata keçirilməsinə təhriketmə və yoxsulluğun təsiri" mövzusuna həsr edilib. Bu mötəbər tədbirlərə ENOC-a üzv seçilən müxtəlif ölkələrin uşaq hüquqları üzrə ombudsmanları və onların nümayəndələri, həmçinin müşahidəçi qismində olan ombudsmanlar qatılıblar.

Konfransda üzv təsisatların təmsilçiləri öz illik fəaliyyətləri haqqında təqdimatla çıxış edib, milli təcrübələri və nailiyyətləri haqqında məlumat mübadiləsi aparıb, eləcə də uşaq hüquqları sahəsində beynəlxalq və Avropa səviyyəsində yeni inkişaf istiqamətləri haqqında Məlumat Platforması yaradıblar.

Azərbaycan Ombudsmanının nümayəndəsi təsisatın il ərzində uşaq hüquqları sahəsində gördüyü işlər barədə məlumat verib, o cümlədən "Uşaq hüquqlarının pilləli tədris vasitəsilə təmin edilməsi" mövzusu üzrə geniş məruzə ilə çıxış edib. O, Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə razılaşma əsasında 2009-2014- cü tədris illərində paytaxt Bakıda və respublikanın regionlarında şagirdlərin iştirakı ilə uşaq hüquqları üzrə pilləli tədrisin həyata keçirildiyini bildirib. Bu illər ərzində artıq 5.000-dən artıq şagirdin həmin tədris kursuna cəlb olunduğu vurğulanıb, həmçinin pilləli tədrisin növbəti 2014-2015-ci tədris illərində davam etdiriləcəyi diqqətə çatdırılıb.

Ombudsman təsisatının əməkdaşı konfransın təhsil, zorakılıq, həssas uşaqlar, uşaq hüquqlarının təşviqi, iştirak hüququ, ailə və alternativ qayğı, sağlamlıq və rifah mövzularında sessiyalarında iştirak edərək, təmisl etdiyi qurumun müvafiq sahələrdə həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Uşaq və gənclərin "Təcridolunma və onun nəticələri: uşaqların səsi" mövzusunda hazırladığı 32 film konfrans çərçivəsində nümayiş etdirilib və bu filmlərin müzakirəsi ilə bağlı xüsusi sessiyalar təşkil olunub, iştirakçılar fikir və məlumat mübadiləsi aparıblar. Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvü olan Bakı məktəblisi də bu tədbirdə iştirak edib.

Konfransın sonuncu günü Şotlandiya Parlamentinin binasında yalnız ENOC üzvlərinin qatıldığı tədbirdə iştirakçılar ölkələrində uşaq müəssisələrindəki uşaqların hüquqlarının müdafiəsi sahəsində mövcud çətinliklərlə bağlı fikir və təcrübə mübadiləsi aparıblar. Eyni zamanda ENOC-un ötən dövrdəki fəaliyyəti nəzərdən keçirilib, növbəti ildə qarşıda duran vəzifələr, şəbəkənin bürosuna yeni üzvlərin seçilməsi, ENOC-un Nizamnaməsi ilə bağlı müzakirələr aparılıb, təklif və tövsiyələr irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə