Zahid Oruc: "Oğlanlar təhsildən uzaqlaşıb müxtəlif dini təsirlərə qoşulurlar" Münasibət

Zahid Oruc: "Oğlanlar təhsildən uzaqlaşıb müxtəlif dini təsirlərə qoşulurlar" Münasibət

Millət vəkili Zahid Oruc Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən görüşdə söylədiyi fikirlərə münasibət bildirib. SİA-nın xəbərinə görə, Z. Oruc hesab edir ki, cəmiyyətdə əks-səda doğuran həmin çıxışda irəli sürülən bütün ideyalar hər bir vətəndaşın mövqeyini ifadə edir: "Ona görə də oturub təhlil etməliyik ki, nə üçün cənub bölgəsində orta məktəbi bitirən qızlarımızın 80 faizə qədəri ali təhsil ala bilmir? Yaxud şimal bölgəsində 50 faizdən artıq oğlan təhsildən uzaqlaşaraq müxtəlif dini təsirlərin hədəfinə çevrilirlər".

O bildirib ki, ötən əsrin əvvəllərində yeni cəmiyyət quruculuğundan ruhlanan Azərbaycan qadını Sevilin timsalında çadranı başından atdısa, indi həmin qadınlar yenidən bürünür, yaxud dini libaslara dönürlər: "Təbii ki, onlar bunu könüllü və ya öz iradələri əsasında qəbul etsələr, heç kimin hər hansı dinə etiqadı seçməsinin əleyhinə deyiləm. Eyni zamanda hər il ali təhsili başa vuran 25 mindən artıq gənc dövlət qulluğuna qəbul üçün müraciət edir. Əgər onların daşıdığı elmi keyfiyyətlər, hazırlıq və yaradıcılıq təşəbbüskarlığı qaneedici səviyyədə deyilsə, o zaman bütün nöqsanları araşdırmaq lazımdır".

Z. Oruc həmçinin qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il dövlət imtahanlarından sonra bir kitab səviyyəsində bütün təhsil prosesinə dair fundamental araşdırılmaları hazırlayır və bizə göndərir: "Ən peşəkar beyin mərkəzləri səviyyəsində görülən işləri harada müzakirə etməliyik? Ona görə də Təhsil Nazirliyi, eləcə də TQDK, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə müzakirələr apararaq, son dərəcə önəmli qərarlar qəbul edib, hökumətin vacib proqramları qəbul etməsinə nail ola bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə