Hikmət Babaoğlu: “Azərbaycan mediası dünyanın kütləvi informasiya vasitələri arasında öz mövqeyini möhkəmləndiririb”

Hikmət Babaoğlu: “Azərbaycan mediası dünyanın kütləvi informasiya vasitələri arasında öz mövqeyini möhkəmləndiririb”

"Media hər bir cəmiyyətin lokomativ ictimai institutudur və informativ, inteqrativ, maarifləndirmə kimi funksiyaları yerinə yetirir. Azərbaycan mediası da cəmiyyətimizin müxtəlif ölkələrlə əlaqələr qurması, informasiya mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı inteqrasiya, milli, mənəvi, elmi, turistik və s. əlaqələrin həyata keçirilməsində olduqca aparıcı bir mövqeyə malikdir". Bunu SƏS TV-yə açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan mediası artıq dünya kütləvi informasiya vasitələri arasında öz mövqeyini möhkəmləndirib və regionda ən azad medialardan biridir: "Azərbaycan milli mətbuatının dövlət tərəfindən inzibati qaydada nizamlanması prosesi çoxdan başa çatıb. Beləliklə, ölkədə tam müstəqil milli media formalaşıb və bununla dövlət və cəmiyyət arasında münasibətlərin ictimai əsaslarda tarazlaşdırılmasında əhəmiyyətli rola malik olub.

Azərbaycan mediasının həmçinin, çox yaxşı xarici əlaqələri var. Rusdilli media ilə tarixi ənənələrə söykənir, türkdilli ölkələrin mediaları ilə xüsusi əlaqələri var. Hətta Azərbaycan mediası ilə türkdilli medianın fəaliyyətini tənzimləyən koordinasiya şöbəsi də yaradılıb. Azərbaycan Qərblə Şərq sivilizasiyası, Avropa ilə Asiya arasında keçid rolunu oynayır. Yerləşdiyimiz coğrafiya qərblə şərq dəyərlərinin sintezinin Azərbaycanda unikal bir dəyər kimi mənimsənilməsinə şərait yaradır. Tolerantlıq, dini dözümlülük, bütün mədəniyyətlərə açıq olmaq Azərbaycan cəmiyyətinin spesifik xüsusiyyətlərindəndir. Media da cəmiyyətin bir hissəsi olduğu üçün tolerant bir mədəniyyətin daşıyıcısı olan Azərbaycan mediası müsbət mənada dünya ölkələrinin medialarına da təsir edir. Sevindirici haldır ki, bu gün Azərbaycan mediası sözün həqiqi mənasında dünyada qlobal informasiya məkanını əhatə edən media strukturları ilə maneəsiz əlaqə qura bilir. Bu da Azərbaycan mediasını xüsusiləşdirən keyfiyyətlərdən biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə