Milli Məclisdə Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihəyə əsasən məcəllənin 102.2-ci maddəsinə belə bir cümlə əlavə edilir: "Cinayət prosesində zərər çəkmiş şəxsin nümayəndəsi qismində zərər çəkmiş şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və ya zərər çəkmiş şəxsin qohumları iştirak edə bilərlər".
Məcəlləyə yeni 340.2-1. maddəsi əlavə olunur: "Dövlət ittihamı bir neçə dövlət ittihamçısı tərəfindən müdafiə edildikdə məhkəmə çıxışı onların öz razılığına əsasən müəyyən edilən dövlət ittihamçısı tərəfindən səsləndirilir. İşdə təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi, zərər çəkmiş şəxsin (xüsusi ittihamçının), mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi olduqda məhkəmə çıxışını müdafiə və ya təmsil olunan şəxsin müəyyən etdiyi müdafiəçi və ya nümayəndə səsləndirir. Göstərilən hallarda müvafiq məhkəmə çıxışından sonra məhkəmə iclasında fasilə elan edilmədən digər dövlət ittihamçısı, müdafiəçi və ya nümayəndə məhkəmə çıxışına əlavələr səsləndirə bilər".
Layihəyə əsasən məcəllənin digər maddələrinə texniki dəyişiklər də edilib. Səsvermə nəticəsində əlavə və dəyişikliklər qəbul olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB