Gənclər Siyasəti üzrə I Qlobal Forum öz işinə başlayıb

Gənclər Siyasəti üzrə I Qlobal Forum öz işinə başlayıb

Bu gün Bakıda Gənclər Siyasəti üzrə I Qlobal Forum öz işinə başlayıb. SİA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən Forumun iştirakçıları 4 kateqoriyaya bölünüb. I kateqoriyaya 200 nəfər gənclər siyasəti üzrə məsul nazirlər və digər yüksək vəzifəli dövlət nümayəndələri, II kateqoriyaya 200 nəfər hökumətlər tərəfindən namizədliyi irəli sürülmüş qeyri-hökumət nümayəndələri, III katqoriyaya 200 nəfər ərizələr əsasında seçilən gənc, gənclər təşkilatlarının nümayəndələri və gənclər siyasəti ekspertləri, IV kateqoriyaya 100 nəfər ekspert daxildir.

Tədbiri BMT-nin Baş katibinin Gənclər üzrə elçisi Əhməd Əlhəndavi açıb.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Daha sonra çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, gənclər siyasəti bir çox ölkələrin aparıcı istiqamətlərindən biridir. Azərbaycanda gənclərlə bağlı proqramların qəbul edildiyini deyən nazir Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə insan kapitalının inkişafına önəm verildiyini vurğulayıb. O bildirib ki, Azərbaycanda gənclər çoxluq təşkil edir və onların liderlik bacarıqlarının inkişafı üçün şərait yaradılır. Nazir Forumun gənclər siyasətinin inkişafı üçün beynəlxalq proqramın müzakirəsinə də yaxşı imkanlar yaratdığını bildirib.

Daha sonra BMT-nin baş katibi Pan Gi Munun tədbir iştirakçılarına ünvanladığı videomüraciət yayımlanıb.

BMT-nin İnkişaf Proqramının rəhbər müavini Magdy Martinez-Soliman, YUNESKO-nun baş direktorunun müavini Lalla ben Barka, Avropa Şurasının Demokratiya üzrə baş direktoru Snezana Samardzic-Markovic və digərləri çıxış ediblər.

Nəzərinizə çatdıraq ki, forum çərçivəsində "Gənclər üzrə Beynəlxalq Faəliyyət üzrə Beynəlxalq Proqramın qəbulundan keçən 20 il ərzində əldə olunmuş nailiyyətlər və çatışmazlıqlar", "Müasir gənclər siyasətinin əsas elementləri" və "Gənclər siyasəti hazırlanması üzrə Rəhbər Prinsiplər" mövzularında plenar iclaslar keçiriləcək.

Qeyd edək ki, 156 ölkənin nümayəndələrinin iştirak etdiyi Forum oktyabrın 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə