Cəlilabadda heyvanlar arasında nodulyar dermatit virus xəstəliyindən tələfat qeydə alınmayıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmovanın yenidən bölgələrə səfəri başlanın. Xidmətdən SİA-ya verilən xəbərə görə, bu gün Cəlilabad rayonunda olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova, eləcə də yerli baytarlıq nəzarəti xidmətinin əməkdaşları Cəlilabad rayonunun Alar kəndindəki təsərrüfatlarda nodulyar dermatit virus xəstəliyinə yoluxub müalicə edilmiş heyvanlara baxış keçiriblər.
Cəlilabad rayonuna səfəri müddətində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova yerli bələdiyyə, icra nümayəndələri, fermer və ayrı-ayrı təsərrüfat sahibləri ilə görüş keçirib.
Görüşdə bildirilib ki, nodulyar dermatit virus xəstəliyi baş verəndən bu günə kimi Cəlilabad rayonunun yalnız bir kəndində, Alar kəndində 79 baş iribuynuzlu heyvanda müşahidə olunub. Xəstəliyin digər kəndlərə keçməsinin qarşısı aparılan ciddi profilaktik tədbirlər, eləcə də yerli rayon icra hakimiyyətinin bilavasitə dəstəyi ilə heyvan bazarının vaxtında bağlanması sayəsində alınıb.
Həmçinin vurğulanıb ki, aparılan dezinfeksiya, dezinseksiya və simptomatik müalicə tədbirlərinin nəticəsidir ki, Cəlilabad rayonunda heyvanlar arasında nodulyar dermatit virus xəstəliyindən tələfat qeydə alınmayıb.
Təsərrüfatlara baxış və sakinlərlə görüşdən sonra Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi S. Rüstəmova yerli baytarlıq xidməti əməkdaşlarına lazımi məsləhət və tövsiyələrini verib.
Qeyd edək ki, xəstəliyin qarşısını almaq üçün kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən Cəlilabad rayonuna, eləcə də xəstəlik qeydə alınan digər rayonlara kifayət miqdarda dezinfeksiyaedici, çimizdirmə maddələri və simptomatik müalicə üçün dərman preparatları göndərilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti nodulyar dermatit xəstəliyi ilə əlaqədar bildirir ki, ölkənin epizootik durumu tam nəzarətdə saxlanılır və xəstəliyə qarşı ciddi mübarizə tədbirləri ardıcıl olaraq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB