Ombudsmanların 13-cü Beynəlxalq Konfransı Bakıda keçiriləcək

Ombudsmanların 13-cü Beynəlxalq Konfransı Bakıda keçiriləcək

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu günlərdə Ankara şəhərində Türkiyə Respublikası Ombudsman Qurumu tərəfindən təşkil olunan Ombudsmanların 2-ci Beynəlxalq Simpoziumunda iştirak edib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın, xarici işlər naziri Mövlüd Çavuşoğlunun, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujniyeksin, habelə bir çox ölkələrin ombudsmanlarının iştirak etdiyi simpoziumda bütün dünyada önəm verilən insan hüquqlarına dair bir sıra qlobal xarakterli, mühüm problemlərlə, o cümlədən insan hüquqlarının səmərəli müdafiəsində qarşıya çıxan problemlər və ombudsman təsisatlarının bu istiqamətdə və demokratiyanın bərqərar olunmasında rolu ilə bağlı məsələlər müzakirə edilib.

Sözügedən tədbirdə Azərbaycan Ombudsmanı "Dövlət qurumları və ya vəzifəli şəxslərlə vətəndaşlar arasında yaranan mübahisələrin dostcasına həllində Ombudsmanın rolu" mövzusunda məruzə ilə çıxış edib. Müvəkkil mübahisələrin məhkəmədənkənar həllində innovativ yolların tapılması və tətbiq edilməsinin insan hüquqlarının səmərəli müdafiəsində əhəmiyyətli olduğunu vurğulayıb. O, fəaliyyət dövrü ərzində bu qəbildən olan mübahisələrin dostcasına aradan qaldırılmasında mediasiyaya önəm verməsi və bunun təcrübədə tətbiqi barədə ətraflı məlumat verib. Müvəkkil AŞ Nazirlər Komitəsinin belə mübahisələrin məhkəmədənkənar həllində mediasiyanın inkişafı ilə əlaqədar tövsiyə xarakterli qərarlarının daha çatımlı olması, tətbiqinin genişləndirilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq, Avropa Şurasının dəstəyi ilə maarifləndirmə tədbirləri keçirib. "Mübahisələrin məhkəmədənkənar həllində mediasiyanın rolu" mövzusuna həsr edilən bu tədbirlərdə dövlət qurumları, vətəndaş cəmiyyəti və KİV nümayəndələrinin iştirak etdiyi diqqətə çatdırılıb.

E.Süleymanova 29 oktyabr - Türkiyə Cümhuriyyətinin yaranması günü münasibətilə türk xalqını təbrik edərək, xoş arzularını çatdırıb.

Öz müstəqilliyinin bərpasına nail olduqdan sonra ölkəmizdə insan hüquqları sahəsində aparılan islahatlar, həyata keçirilən dövlət proqramları barədə məlumat verilib. Müvəkkil hələ 22 fevral 1998-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Lider Heydər Əliyevin imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı və onun 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"ı barəsində danışıb. Bundan başqa, Ombudsman ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı" və yeni istiqamətlər müəyyən edən "İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Milli Fəaliyyət Proqramı"nı ölkədə bu istiqamətdə həyata keçirilən siyasətin məntiqi davamı olduğunu qeyd edib.

Daha sonra Müvəkkil təsisatda şikayətlərə baxılma qaydaları, Ombudsmanın işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun işi, müvafiq müəssisələrə həyata keçirilən başçəkmələr barədə tədbir iştirakçılarına geniş məlumat verib. Azərbaycan Ombudsmanının məruzəsi maraqla qarşılanıb, iştirakçıların sualları cavablandırılıb.

E.Süleymanova məruzəsinin sonunda konfransda iştirak edən ombudsmanları gələn il Bakıda təşkil olunacaq Ombudsmanların 13-cü Beynəlxalq Konfransına dəvət edib.

Müvəkkil daha sonra Türkiyə Respublikasının Ombudsmanı Mehmet Nihat Öməroğlu ilə görüşərək, ikitərəfli əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparıb, Azərbaycan Ombudsman təsisatında hazırlanmış insan hüquqları üzrə nəşrləri türkiyəli həmkarına təqdim edib.

E.Süleymanova səfər çərçivəsində Ankara Universitetində keçirilən, Naxçıvan Muxtar Respublikasının 90-cı ildönümünə həsr edilən "Tarixdə və bu günümüzdə Naxçıvan" mövzusunda tədbirdə iştirak edib. Azərbaycan Ombudsmanı Xocalı soyqırımı qurbanlarının xatirəsinə Ankarada ucaldılan abidəni ziyarət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə