Nəsimi Paşayev: “Bakı Metropoliteninin 53 yeni stansiyası tikiləcək” Açıqlama

Nəsimi Paşayev: “Bakı Metropoliteninin 53 yeni stansiyası tikiləcək” Açıqlama

" "Avtovağzal" və "Memar Əcəmi 2" stansiyalarında hazırda tikinti işləri davam etdirilir. Hər iki stansiyanın açılışı 2015-ci ilə nəzərdə tutulub. Yəni orada artıq avadanlıqların quraşdırılması məsələsinə başlanılıb, işlərin böyük əksəriyyəti görülüb. Bununla bağlı Fransanın "Tales" (Thales) şirkəti ilə müqaviləmiz imzalanıb". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, artıq metrostansiyaların işarəvermə və idarəetmə avadanlıqları sifariş edilib: "Orada işarəvermə və idarəetmə avadanlıqlarının quraşdırılmasında məhz həmin firmanın avadanlıqlarından istifadə olunacaq. Artıq sifariş verilib. Bundan başqa, həmin xətt üzrə yeni vaqonlardan istifadə olunacaq. Təbii ki, bunun davamı olaraq bizdə şərti adı "B3" və "B4" olan satansiyalarımız olacaq. "B3" Papanin ərazisində yerləşir. "B4" isə Heydər Əliyev adına İdman Konsert Kompleksinin arxasında yerləşir. Hər ikisində də inşaat işləri davam etdirilir. Növbəti illərdə də həmin iki stansiyanı istifadəyə verməyi planlaşdırırıq. Birlikdə "bönövşəyi" xəttin 12 stansiyası olacaq. Gələcəkdə təbii ki, bu stansiyaları mərhələli şəkildə tikib istifadəyə verməyi planlaşdırırıq".

Gələcək illərdə stansiyaların sayının indikindən 3 dəfə artırılacağını bildirən Nəsimi Paşayev, ümumilikdə 2030-cu ilədək 76 stansiyanın tikintisinin gerçəkləşdiriləcəyini ifadə etdi: "Hazırda 23 stansiyası mövcud olan Bakı Metropoliteninin 53 yeni stansiyası tikiləcək və ümumilikdə 76 stansiyadan ibarət olacaq. Bütün bunların hamısının 2030-cu ilədək başa çatdırılması nəzərdə tutulub".

Metronun ilk olaraq "bənövşəyi" xətlərinin tikilməsinin planlaşdırıldığını deyən Metropolitenin mətbuat xidmətinin rəhbəri vaqonların Avropa standartlarına uyğunlaşdırılacağını qeyd etdi: "Bizim hazırda ilkin variantda yeni tikiləcək xətlərimiz birinci növbədə "bənövşəyi" xəttdir. Bundan sonra da tikiləcək xətlərimizdə yeni qatarlardan istifadə etməyi planlaşdırırıq. Bununla bağlı Fransanın "Alstom" şirkəti ilə müqavilələrimiz var. Orada yeni vaqonlardan istifadə olunacaq. Təbii ki, bizim növbəti mərhələdə mövcud xətlərimizdə hərəkət edən vaqonların dəyişdirilməsi nəzərdə tutulub. Bu gələcək illərdə baş tutacaq, amma hazırda ilkin halda biz bənövşəyi xətdə istifadə etmək üçün həmin vaqonlardan istifadə edəcəyik. Onlar tam yeni görünüşlü, Avropa standartlarına cavab verən, güclü ventilyasiya sistemi olan kondisionerli vaqonlar olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə