Son vaxtlar Kütləvi İnformasiya Vasitələrində (KİV) ailəli xanımlar, nişanlı qızlar və ya evdən qaçan yeniyetmələr barədə xəbərlərə tez-tez rast gəlirik. Məlumatların əksəriyyətində qızların qaçmağına səbəb kimi istəmədiyi insanla ailə qurmağa məcbur edilməsi, ailədə zorakılıq halları göstərilib. Onu da deyək ki, ailə qurmağa məcbur edilən qızların çoxu azyaşlılardır.
Bununla əlaqədar olaraq deputat Sevinc Fətəliyeva SİA-ya açıqlama verib. Bildirib ki, qızların evlərini tərk etmələrinin əsas səbəbləri maddi vəziyyətlərinin yaxşı olmaması ilə bağlıdır: "Çox zaman bu addımı təhsildən uzaq düşən qızlar atırlar. Valideynlər ailələrində maddi vəziyyətə görə fərdlərini azaltmaq üçün gözüyumulu qızlarını evləndirməyə çalışırlar. Elə olur ki, heç qızların fikirləri belə öyrənilmir. Sonda isə bu cür xoşagəlməz hadisələr yaşanır. Çox nadir hallarda ali təhsilli qızlarda evdən qaçmaq halları müşahidə olunur. Ancaq həmin xanımlar özlərini idarə edə biləcəklərinə əmin olduqları üçün edirlər və düşünürlər ki, onlar çalışaraq valideynlərinə maddi yardım edə bilərlər. Qızlara düzgün tərbiyə aşılanmalıdır. Düşünürəm ki, qızlarımız öz ailələrində şəxsiyyət kimi formalaşdıqdan sonra ailə qurmalıdırlar. Sonda onu deyim ki, öz hüququnu bilən, hər hansı bacarığa malik olan xanım haqsızlığa yol verməz".
Psixoloq-psixoterapevt Təhminə Çələbi də qızların evdən qaçmasına münasibət bildirib. Diqqətə çatdırıb ki, xanımlarımız zorakılığa məruz qalsa belə, gedib məhkəməyə müraciət edib, boşana bilmir: "Cəmiyyətdə belə bir psixologiya var ki, qızlar ata evindən ər evinə köçürlərsə, yalnız onların kəfənləri gələ bilər. Bu zaman da ailəli qadınlar çıxış yolunu yuvalarını tərk etməkdə görürlər. Onlar fikirləşmirlər ki, xilasın digər yolu boşanmaqdır. Bəlkə də həmin xanımlar oturub, həyat yoldaşı, qaynanası ilə söhbət etsə bu cür problemlər də yaşanmaz. O, fiziki təzyiq görürsə düşünmür ki, dövlət onun arxasında dayanır. Əgər şikayət etsə, həmin insanlar qanun qarşısında cavab verəcəklər. Çıxış yolunu isə yalnız qaçmaqda görürlər. Nişanlı xanımların qaçmasına gəldikdə isə bu da eyni səbəblə əlaqəlidir. İkinci tərəfdən isə həmin qızlar televiziyanı izləyərək müasirləşməyin yolunu qaçmaqda görürlər. Çox vaxt da sonunda hər şey düşündükləri kimi olmur. Onu da deyim ki, regionlarımızda qadın hüquqları həddən artıq pozulur. Onlar da övladlarının qarşısında fiziki təzyiqə məruz qalırlar. Bunu görən övlad da çıxış yolunu qaçmaqda görür. Əgər ailədə problem yaşanırsa, ilk öncə danışıb məsləhətləşmək lazımdır. Əgər bu üsulla ortaq məxrəcə gəlmək mümkün deyilsə, cütlüklər öz aralarında anlaşıb boşanma haqqında qərar verməlidirlər. Təəssüf ki, cəmiyyətimiz boşanmağa heç də adi yanaşmır. Bu da xanımların baş götürüb qaçmasına səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB