İntiqam Babayev: "Ermənistan Forumda iştirak etməyən ölkələr sırasındadır"
Xəbər verdiyimiz kimi, sabah ölkəmizdə Azərbaycan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin Gənclər üzrə elçisinin ofisi, UNESCO və Avropa Şurası tərəfindən Gənclər Siyasəti üzrə Birinci Qlobal Forum keçiriləcək. SİA-nın məlumatına görə, Forumla bağlı gənclər və idman nazirinin müavini İntiqam Babayev mətbuat nümayəndələrinin suallarını cavablandırıb. Nazir müavini jurnalistlərə bir çox məlumatlar açıqlayıb.
Onun sözlərinə görə, Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda 156 ölkədən 700 nəfərin iştirakı gözlənilir. İ. Babayev qeyd edib ki, forum çərçivəsində "Gənclər üzrə Beynəlxalq Fəaliyyət üzrə Beynəlxalq Proqramın qəbulundan keçən 20 il ərzində əldə olunmuş nailiyyətlər və çatışmazlıqlar", "Müasir gənclər siyasətinin əsas elementləri" və "Gənclər siyasəti hazırlanması üzrə Rəhbər Prinsiplər" plenar sessiyaların keçirilməsi nəzərdə tutulub.
Nazir müavini bildirib ki, Forum çərçivəsində təhsil, sahibkarlıq, sülh və təhlükəsizlik, gender bərabərliyi, asudə vaxtın təşkili, ümumilikdə 20-dən artıq mövzu müzakirə ediləcək və Forumun yekunu olaraq tövsiyə xarakterli sənəd hazırlanacaq: "Keçiriləcək regional sessiyalara BMT-nin 5 iqtisadi komissiyası - Afrika, Qərbi Asiya, Asiya və Sakit Okean, Avropa, Latın Amerikası və Karib Hövzəsi ölkələri - rəhbərlik edəcək. Azərbaycandan tərəfinin ekspertləri Fərhad Hacıyev, Nadir Quluzadə, Şahin Seyidzadə və Fuad Muradovdur. Bu günə kimi 115 ölkə iştirakını hökumət səviyyəsində təsdiq edib.
Azərbaycan BMT-nin qlobal gənclər siyasətinə dəstək verən ilk ölkədir və bu Forum XXI əsrdə gənclər siyasəti ilə bağlı keçirilmiş ən böyük tədbirlərdən biridir".
İ. Babayev Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumda Ermənistanın iştirak etməyəcəyini qeyd edib: "Tədbir BMT tərəfindən təşkil olunduğu üçün ölkələri də onlar dəvət edirlər. BMT 194 ölkəyə, o cümlədən Ermənistana da dəvət göndərib. Tədbirdə 156 ölkə iştirak edəcək. Ermənistan Forumda iştirak etməyən ölkələr sırasındadır".
O, BMT baş katibi Pan Gi Munun Forumda iştirak etməyəcəyini diqqətə çatdırıb: "Ebola" və digər problemlərlə bağlı BMT-nin iş qrafiki bir qədər gərgindir. Lakin BMT baş katibinin forum iştirakçılarına video müraciəti olacaq, həmçinin BMT təmsilçiləri də tədbirdə iştirak edəcəklər".
Nazir müavini Forumda "Ebola" virusu yayılmış ölkələrin iştirakına qadağa qoyulması ilə bağlı mətbuatda yayılmış məlumatların düzgün olmadığını bildirib: "Forumda iştirakla bağlı qadağa yalnız qeydiyyatdan keçdiyi saydan daha çox nümayəndə göndərən ölkələrə aiddir. Azərbaycanın Səhiyyə Nazirliyi "Ebola" virusu yayılan ölkələrdən gələn nümayəndələr üçün profilaktik tədbirlər görməyə hazır olduğunu bildirib. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatına da müraciət etmişik. Onlardan xahiş etdik ki, bizə bu prosesdə dəstək olsunlar. Ümid edirik ki, hər şey yaxşı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB