QUPAİB-in sədri: "Erkən nikah problemi cənub rayonlarında daha çoxdur" Müsahibə
"Qadın və Uşaq Problemlərinin Araşdırılması" İctimai Birliyinin (QUPAİB) rəhbəri Kəmalə Məmmədovanın SİA-ya müsahibəsi:
- Rəhbərlik etdiyiniz qurumun əsas fəaliyyət istiqamətləri hansılardır?
- İlk olaraq qeyd edim ki, birliyimiz 2009-cu ildən fəaliyyət göstərsə də, rəsmi olaraq 2010-cu ildə Ədliyyə Nazirliyinin qeydiyyatından keçib. Bu il 5 ilimiz tamam olur və bununla bağlı ictimaiyyətə geniş şəkildə hesabat verəcəyik. Əsas istiqamətlərimiz ana və uşaqların mühafizəsi, qadın və uşaq problemlərinin araşdırılmasında müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq etmək, eləcə də gender bərabərliyi prinsiplərinə nail olmaqdır.
- Azərbaycanda bugünkü ailə dəyərləri sizi qane edirmi?
- Ümumilikdə götürsək Azərbaycanda ailə dəyərləri həmişə uca tutulub. Hazırda Azərbaycanda 2 milyondan artıq ailə var. Eyni zamanda məhz ailə dəyərlərinə, milli adət-ənənələrimizə önəm verən ailələrin sayı gündən-günə artır. Bu baxımdan ölkəmiz gənc ailələrin qorunması üçün müxtəlif tədbirlər görür. Məhz buna görə də Azərbaycanda hər il "15 may- Beynəlxalq ailə günü" kimi qeyd olunur
- Hazırda müasir dövrün ən aktual problemlərindən biri də gender əsaslı zorakılıq və onun acı fəsadlarıdır. Bu istiqamətdə hansı işləri görürsünüz?
- Gender bərabərliyi məsələləri təşkilatımızın ən əsas məqsədlərindən biridir. Məişət zorakılığına gəldikdə isə, bu nəinki Azərbaycanda, eləcə də bütün dünyada problemdir və bununla bütün dövlətlər mübarizə aparır. Azərbaycanda 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul olunub və həmin qanunun icrası ilə bağlı müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları müxtəlif tədbirlər həyata keçirir. Eyni zamanda QUPAİB-in builki əsas gördüyü işlər, məhz məişət zorakılığı ilə bağlı mübarizə olub. Qeyd etmək istərdim ki, bu yaxınlarda Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarımızda gənc qadınların məişət zorakılığı ilə bağlı maarifləndirilməsinə görə tədbirlərimiz oldu. Tədbirlər zamanı zorakılığın növləri haqqında gənc qadınlarımıza məlumat verilib, onlara təşkilatımızın nümayəndələri və qadın hüquqları ekspertləri tərəfindən psixoloji və hüquqi yardımlar göstərilib.
- Azərbaycanda ailədaxili münaqişələr, onların səbəb olduğu boşanmalar, fəsadların nəticəsi kimi baş verən qətl hadisələri, özünəqəsd hallarının əsas səbəbləri nədir?
- Ümumiyyətlə götürsək, belə bir sual meydana çıxır. Ailədaxili münaqişə və boşanmaların əsas səbəbləri nədir? Səbəblərdən biri, ailə quranlar əvvəlcədən lazım olan amillərə fikir vermirlər. Onlar ən əsas maddi marağı güdürlər. Bəlkə də valideynlərin təzyiqi ilə evlənirlər. Eyni zamanda gənclər daha çox xarici görünüşə baxırlar. Yəni, onlar lazım olan amillərə baxmadan ailə həyatı qururlar. Bu daha çox məsuliyyətsizlikdən irəli gəlir. Gündəlik həyatda ən çox eşitdiklərimiz ya ər arvadı, ya arvad əri öldürür. Nəticələrə baxdıqda isə qətllərin ailədaxili münaqişələr zəminində qohumlar arasında baş verdiyinin şahidi oluruq. Problemin kökünü araşdırsaq görərik ki, əsas məsələ insanlar arasındakı uyğunsuzluqdur. Ümumiyyətlə dünya səviyyəsində qəbul olunan 13 faktor var. Həmin faktorlardan heç olmasa ikisi ailədə olmayanda, artıq bu ailə dağılır. Boşanmaların səbəbinə gəldikdə isə deyə bilərəm ki, bu, valideynlərin təzyiqi ilə evlənən cütlüklərdə daha çox müşahidə olunur. Belə ki, qan qohumluğu olan ailələrdə acı nəticələr daha çox büruzə verir. Həmin ailədə sonsuzluq problemi olur, ya da uşaq doğularkən sağlam olmur. Bu da həmin ailədə psixoloji problemlərin olmasına gətirib çıxarır. Nəticədə isə həmin ailə gec-tez dağılır.
- Qeyd etdiyiniz kimi, Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul olunub. Qanundan sonra ölkədə vəziyyət hansı istiqamətdə dəyişib?
- 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul olunub. Təbii ki, qanun daha çox məişət zorakılığı qurbanlarına şamil olunur. Onlara sosial, psixoloji və hüquq yardım etmək nəzərdə tutulur. Qanunun qəbul olunmasında birinci xanım Mehriban Əliyevanın müstəsna rolu olub. Bunu həm ictimaiyyət, həm də beynəlxalq təşkilatlar qeyd edir. Dövlət qurumları bu sahədə bir çox ardıcıl və davamlı tədbirlər həyata keçirir. Hesab edirəm ki, tək qanunla kifayətlənmək olmaz. Əhalinin hələ də maariflənməyə ehtiyacı var. Bu, xüsusilə ucqar ərazilərdə yaşayan qadınlarımıza aiddir. Onlar bilməlidirlər ki, zorakılıq halları baş verərsə hansı addımlar atılmalıdır. Qanunun icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində sığınacaqların açılması nəzərdə tutulub. Orada məişət zorakılığının qurbanlarına yardımlar göstəriləcək. Bu yardımlar həm tibbi, həm sosial, həm də hüquqi, psixoloji sahəni əhatə edəcək.
- Bir çox ölkələrdə Ailə Psixoloqu İnstitutları fəaliyyət göstərir. Azərbaycanda belə bir qurumun yaradılmasına ehtiyac varmı?
- Ailə Psixoloqu İnstitutunun Azərbaycanda yaradılmasına ciddi ehtiyac var. Hazırda Azərbaycan məktəblərində psixoloqlar fəaliyyət göstərir. Eyni zamanda fərdi şəkildə də psixoloqlar var. Lakin bunu daha da genişləndirmək lazımdır. Bu sahədə Türkiyə, eləcə də beynəlxalq ölkələrin təcrübəsindən yararlana bilərik. Bu da ailə daxilində yaranan problemlərin həll olunmasında mühüm rol oynayacaq. Risk qrupuna aid olan ailə üzvləri İnstitutun psixoloqlarına müraciət edərək problemlərin az qismini də olsa həll edə bilərlər. Bu, dünya praktikasında mövcuddur.
- Bildiyiniz kimi, Azərbaycanın erkən nikahlar problemi hər zaman olub. Bu gün də özünün fəsadları ilə birgə mövcuddur. Daha çox hansı bölgəmizdə erkən nikaha daxilolmalara rast gəlinir? Problemi aradan qaldırmaq üçün hansı tədbirləri görülür və ya görülməlidir?
- Erkən nikahlar hazırda ölkədə ən aktual problemlərdəndir. 18 yaşına çatmamış uşağı ən azından orta məktəbi bitirməmiş ərə vermək düzgün deyil. Erkən nikahın fəsadlarını başa düşən valideynlər təbii ki, bu cür hallara yol vermirlər. Erkən nikahlarla bağlı ən böyük problemlər ölkəmizin cənub rayonlarında geniş vüsət alıb. Dövlət qurumları məhz həmin bölgələrdə tədbirləri daha da gücləndirir. Bir faktı da vurğulayım ki, erkən nikahlarla bağlı statistik göstərici aşağı düşüb. Buna baxmayaraq, bu sahədə əhalinin maarifləndirilməsi davam etdirilməlidir. Qeyd edim ki, erkən yaşda ailə həyatı quran qızlarımız doğuşdan sonra bir sıra problemlərlə üzləşirlər. Təbii ki, bu da müsbət qarşılanmır.
- Təşkilatınızın fəaliyyət istiqamətlərindən birini də uşaqlarla iş təşkil edir. Bu sahədəki fəaliyyətiniz haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, hər il neçə uşaq məişət zorakılığının qurbanı olur, belə bir statistika varmı?
- Məlum olduğu kimi, Azərbaycanda uşaq siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda uşaq siyasəti dövlət siyasətinin əsas hissəsidir. Hətta Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan edilmişdi. O gündən bu günə kimi uşaq siyasəti ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Eyni zamanda Heydər Əliyev fondunun dəstəyi ilə keçirilən tədbirlər də göz önündədir. QUPAİB də bu sahədə işlərini davamlı şəkildə yerinə yetirir. Belə ki, həm uşaq hüquqları, həm zərərli vərdişlər əleyhinə, həm də istedadlı uşaqların bacarıqlarını aşkara çıxarmaq üçün müxtəlif layihələr reallaşdırmışıq. Həmin layihələr çərçivəsində bizim aktiv uşaqlarımız birliyimizin üzvlüyünə qəbul olunublar. Eyni zamanda məcburi köçkün və qaçqınların uşaqları ilə bir çox layihələr etmişik. Hətta cari ilin Novruz bayramı ərəfəsində "Özgə uşaq yoxdur" devizi altında tədbir keçirdik. Təşkilata müraciət edən valideynlər imkanları olmadığından uşaqlarının müalicəsini edə bilmirdilər. Sərgidə uşaqların əl işləri satışa çıxarıldı və əldə olunan vəsaitlər də həmin ailələrə verildi. Bundan başqa beynəlxalq layihələrimiz də var. Uşaqlar arasında zorakılıqla bağlı statistik göstəricilərə gəlincə, 2013-cü ildə 179 fakt aşkar edilib ki, onlardan 51 nəfəri qızlardır.
- Münaqişəli ailələrə müxtəlif dövlət orqanları və ya QHT-lər, eləcə də QUPAİB hansı xidmətləri təklif edirlər?
- Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlarda ailələrə dəstək mərkəzləri mövcuddur. Mərkəzlər risk qrupuna aid olan ailələri siyahıya alaraq, bunu yerli icra hakimiyyətlərinə və Daxili İşlər Nazirliyinin əməkdaşlarına təqdim edirlər. 24 saat ərzində ailədaxili zorakılıq qurbanı olan hər kəs həm polis məntəqəsinə, həm də həmin dəstək mərkəzlərinə müraciət edə bilərlər. Düzünü desəm, mövcud problemlərlə bağlı təşkilatımıza müraciətlər çox olur. QUPAİB-in bir neçə rayonlarda əməkdaşı fəaliyyət göstərir. Biz müraciət edənlərin istəklərini dövlət qurumlarına çatdırırıq. Ən əsas da maarifləndirilmə ilə bağlı bir çox tədbirlər həyata keçiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB