YAP-ın Regional inkişaf və yerli özünüidarəetmə komissiyasının iclası keçirilib

YAP-ın Regional inkişaf və yerli özünüidarəetmə komissiyasının iclası keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında partiyanın nəzdində fəaliyyət göstərən Regional inkişaf və yerli özünüidarəetmə komissiyasının iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda komissiyanın sədri Arif Rəhimzadə başda olmaqla, sədr müavini Əlibaba Əliyev və üzvlər iştirak ediblər.

Komissiyanın sədri Arif Rəhimzadə iştirakçılara iclasın gündəliyi barəəd məlumat verərək bildirib ki, müzakirə edəcəyimiz mövzular bələdiyyə seçkilərinə hazırlıq və qarşıda duran vəzifələrdir.

Onun sözlərinə görə, bələdiyyələr Azərbaycanda aparılan köklü islahatlar və yaşanan dinamik tərəqqi dövründə özünün inkişaf yolunu keçir, vətəndaşların mənafeləri naminə yerli əhəmiyyətli məsələlərin həllində iştirak edir, onların etibarını qazanmağa və cəmiyyətimizdə özünəməxsus yer tutmağa səy göstərir.

A. Rəhimzadə qeyd edib ki, Konstitusiya və Seçki Məcəlləsinə uyğun olaraq bələdiyyələrin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar cari ilin dekabrın 23-də ölkədə 4-cü dəfə bələdiyyə seçkiləri keçiriləcək: "Seçkilərə hazırlıqla bağlı artıq respublikanın şəhər və rayonlarında seçki siyahıları dəqiqləşdirilir və digər zəruri tədbirlər görülür. Növbəti bələdiyyə seçkiləri ötən seçkilərindən fərqlənəcək. Bu gün bələdiyyələr inkişaf etmiş, təcrübə toplamış, əhatə etdiyi ərazilərin sosial məsələlərinin həllində öz dəsti-xətti ilə seçilən qurumlara çevrilib".

Cari ildə 204 bələdiyyənin birləşdirilərək 94 yeni bələdiyyə yaradıldığını xatırladan sədr deyib ki, bu onlara ərazilərində daha çox yerli problemlərin həllinə əlavə imkanlar verəcək. O həmçinin bildirib ki, bələdiyyə üzvlərinin keyfiyyət tərkibinin daha gücləndirilməsi daim aktual olan məsələdir.

Daha sonra çıxış edən komissiyanın sədr müavini Əlibaba Əliyev vurğulayıb ki, ötən bələdiyyə seçkilərində əvvəlki seçkilərlə müqayisədə seçilən üzvlər arasında ali təhsillilərin sayı 29,7 faiz, qadınların sayı 22 faiz, gənclərin sayı isə 25 faiz artıb: "Ötən seçkilərdə bələdiyyələrə üzv seçilən şəxslərin 65, bələdiyyə sədrlərinin isə 85 faizini Yeni Azərbaycan Partiyasının üzvləri təşkil edib. Bu da partiyanın cəmiyyətdə nüfuzunun göstəricisi olmaqla xalqın partiyası olduğunu bir daha təsdiq edib".

İclasda çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı, komissiyanın üzvü Şahin Məmmədov deyib ki, cari ildə keçiriləcək bələdiyyə seçkilərində adıçəkilən rayonda 41 bələdiyyəyə kvota üzrə 359 nəfər bələdiyyə üzvü seçilməlidir. Onun sözlərinə görə, YAP Ağcabədi rayon təşkilatının seçki qərargahı tərəfindən bələdiyyə seçkilərində 359 nəfərin namizədliklərinin irəli sürülməsi nəzərdə tutulub.

Digər çıxış edənlər bildirib ki, builki seçkilərdə də keyfiyyət tərkibinin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməli, ali təhsillilər, xüsusilə də qadın və gənclər seçkilərə cəlb olunmalıdır. Komissiya üzvləri əminlikdə ifadə ediblər ki, kadr probleminin aradan qaldırılması bələdiyyələrin fəaliyyətinin gücləndirilməsini, eləcə də gələcək inkişafını təmin edəcək, yerli əhəmiyyətli məsələlərin həlli üçün möhkəm zəmin yaradacaq.

İclasın sonunda çıxış edən komissiyanın sədri Arif Rəhimzadə bir daha qeyd edib ki, bu dəfə də xalqımız əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətə səs verəcək və Prezident İlham Əliyevə sədaqətini nümayiş etdirərək YAP tərəfindən namizədliyi irəli sürülən şəxslərə səs verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə