“Azərbaycan gəncləri narkotiklərə yox deyir”

“Azərbaycan gəncləri narkotiklərə yox deyir”

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə "Abşeron" Rəsm Qalereyasında "Azərbaycan gəncləri narkotiklərə yox deyir" layihəsi çərçivəsində Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında inşa və rəsm işlərindən ibarət sərgi açılıb. SİA-nın verdiyi məlumata görə, sərginin açılış mərasimində çıxış edən BŞGİBİ-nin rəisi Raqif Abbasov "ağ ölüm" adlandırılan və bəşəriyyət üçün ən ictimai bəla olan narkomaniyanı dünya dövlətlərinin başlıca problemi adlandırıb. Müxtəlif mövzularda keçirilən tədbirlər sırasında narkomaniyaya aid maarifləndirici tədbirlərin təşkili daha məqsədəuyğun hesab edilir. Çünki son vaxtlar bu bəla gənclər arasında daha çox yayılmaqdadır.

Diqqətə çatdırılıb ki, narkomaniyaya qarşı mübarizə istiqamətində görülən işlərlə kifayətlənmək olmaz və tədbirlər planını daha da genişləndirmək lazımdır.

"Abşeron" Rəsm Qalereyasının direktoru Eldəniz İbrahimov gənclərimizin potensialının üzə çıxmasında belə sərgilərin təşkilinin vacibliyini vurğulayıb. Azərbaycan Rəssamlar İttifaqı ilə birgə keçirilən sərgidə 60-a yaxın əl işləri nümayiş etdirilib.

Qeyd edək ki, sonda sərgidə ən yaxşı rəsm və inşa yazısına görə gənclərə BŞGİBİ tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə