Fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub

Fərdi jurnalist yazıları müsabiqəsinə yekun vurulub

Bu gün Səbail rayon İcra Hakimiyyətində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə təşkil olunan "Yerli İcra Hakimiyyəti orqanları ilə Kütləvi İnformasiya Vasitələri arasında əməkdaşlığı inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda KİVDF rəhbərliyi, Müşahidə Şurasının üzvləri, Mətbuat Şurasının rəhbərliyi və Şura üzvləri ilə yanaşı ölkənin bir çox aparıcı qəzet və elektron informasiya vasitələrinin rəhbərləri, həmin KİV-lərin jurnalistləri, rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dövlət başçısı İlham Əliyevin müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayıb.

KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan A. Əsgərov bildirib ki, bu ilin iyul ayında Azərbaycan Milli Mətbuatının 139 illiyi ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətində ənənəvi olaraq kütləvi informasiya vasitələri nümayəndələri ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti və ilə birgə artıq 2-ci dəfə "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda jurnalist yazıları müsabiqəsinin keçirilməsi barədə razılaşma əldə olunub və müsabiqənin şərtləri barədə mətbuatda elan verilib.

Müsabiqə iştirakçılarının əksəriyyəti Səbail rayonunun sosial-iqtisadi inkişafı, burada aparılan geniş miqyaslı işlər, həyata keçirilən layihələr barədə ətraflı materiallar işləyib, rayonun turizm potensialı, təhsil məsələləri, tarixi abidələri, görülən sosial yönümlü işlərin əhəmiyyətini, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarına hazırlıqla bağlı rayonda görülən işləri vurğulayıblar. Həmçinin rayon sakinləri, turistlər, ictimaiyyət nümayəndələrindən müsahibələr almış, gələcək inkişaf perspektivlərinə xüsusi yer verilib.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli fondun fəaliyyəti, keçirilən tədbir və müsabiqələr, o cümlədən artıq 2-ci dəfə Səbail rayon İcra Hakimiyyəti ilə birgə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi barədə ətraflı məlumat verərək bildirib ki, müsabiqə Səbail rayonunun sosial-iqtisadi və ictimai-siyasi həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq məqsədi daşıyıb, 1 avqust- 31 sentyabr tarixlərində keçirilən müsabiqə ilə bağlı müxtəlif KİV-də 26 yazı dərc olunub.

İştirakçılardan 4 nəfəri "Bakı-Xəbər", 3 nəfəri "Paralel", "İki sahil" və "Həftə içi" qəzetlərini, 2 nəfəri "Mövqe" qəzetini, hər birindən 1 nəfər olmaqla "Xalq qəzeti", "Təhsil problemləri", "Yeni Azərbaycan", "Olaylar", "Zaman", "Biznes Tayms", "Palitra", "Millətçilik", "Mədəniyyət", "525-ci qəzet" və "Kaspi" qəzetlərini təmsil edib. İştirakçılardan 10 nəfəri əvvəlki müsabiqədə də iştirak edib, 16 nəfər yeni iştirakçılardır.

KİVDF tərəfindən yaradılan münsiflər komissiyası üzvləri tərəfindən yazılar yoxlanılmış, RİH-nin nümayəndələri də yazılarla tanış olaraq rəy veriblər.

Vüqar Səfərli müsabiqənin təşkili, gedişi, iştirakçıların məqalələrinin analizi və qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib. Çıxışlarda bu kimi tədbirlərin əhəmiyyətini qeyd edilib, fərdi jurnalist yazıları müsabiqələrinin KİV nümayəndələri ilə rayon İcra Hakimiyyətləri arasında əlaqələrin daha da möhkəmlənməsində və rayonla bağlı geniş və dolğun məlumatların ictimaiyyətə çatdırılmasında böyük rol oynadığını bildirilib.

Münsiflər heyətinin qərarına əsasən I yerə "İki sahil" qəzetinin bölmə müdiri, II yerə "Bakı Xəbər" qəzetinin müxbiri, III yerə "Xalq qəzeti"nin baş redaktor müavini layiq görülüb, 4 nəfər RİH-nin xüsusi mükafatını, 10 nəfər həvəsləndirici və 9 nəfər digər mükafatlar alıblar.

Qaliblərə və mükafatçılara Səbail rayon İcra Hakimiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Fəxri Fərmanları və müsabiqə şərtlərinə uyğun müvafiq pul mükafatları təqdim olunub.

Tədbirdə həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə