KİV nümayəndələri Qazax rayonuna səfər edib

KİV nümayəndələri Qazax rayonuna səfər edib

Bu gün Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə KİV nümayəndələrinin cəbhəyanı bölgələrdəki məktəblərə səfəri çərçivəsində Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəblərində şagird və müəllimlərlə görüşüblər. SİA-nın verdiyi xəbərə görə, əvvəlcə Aslanbəyli kənd tam orta məktəbində olan jurnalistlər burada şagirdlərin hərbi hazırlıq vəziyyəti ilə tanış olublar. Müəllim və şagirdlər cəbhəyanı bölgədə olmalarına baxmayaraq, böyük həvəslə dərs keçdiklərini deyirlər.

Gənclərin hərbi hazırlığa qədər çağırış hazırlığı müəllimi Elxan Əliyev şagirdlərin hərbi hazırlıq dərslərinə böyük maraqları olduğunu deyib: "Şagirdlər bütün hərbi avadanlıqlar haqqında məlumatları, onlardan necə istifadə etməyi öyrənməyə həvəs göstərirlər. Bu dərsdə istər oğlanlar, istərsə də qızlar fəal iştirak edirlər.

Aslanbəyli kənd tam orta məktəbin direktoru Dilqəm Məmmədov müharibə şəratində dərs keçmələrinə baxmayaraq, heç bir problem yaşamırlar: "Məktəbin uğurları ildən-ilə artır. Məktəbdə 44 müəllim heyyəti çalışır və 412 nəfər şagir təhsil alır. 2014-cü təhsil ilində 46 məzundan 9 nəfər ali məktəbə, 4 nəfər orta ixtisas məktəblərinə qəbul olublar. Onlardan 2-si 500-dən çox bal toplayaraq biri Neft Akademiyasında, biri isə Bakı Slavyan Universitetində təhsil alırlar".

O qeyd edib ki, məktəbin məzunlarından 36 nəfər hərbi məktəbi bitirib, 24 nəfər isə şəhid olub.

Daha sonra KİV nümayndələri Çaylı kəndinin Elşən Cəfərov adına 2 saylı tam orta məktəbinə yollanıblar. Məktəbin girişində məktəb məzunlarından şəhid olan 29 nəfər haqqında məlumat verilib.

Məktəbin direktoru Abbas Carçıyev bildirib ki, məktəb cəbhəyanı ərazidə yerləşdiyi üçün şagirdlərdə hərbi hazırlıq vəziyyəti yüksəkdir: "Şagirdlərimiz könüllü olaraq orduya yazılırlar. Onlar hər an torpaqlarımız azad etməyə hazır vəziyyətdədirlər. Bununla yanaşı təhsillərində də yüksək göstəricilər nümayiş etdirirlər. Şagirdlərimizdən 500-dən, 600-dan çox bal toplayıb ali məktəblərə daxil olanlar var".

Hərbi hazırlıq müəllimi 66 yaşlı Yusif Qocayev məktəbdə gəncləri həvəslə orduya hazırlaşdırr: "31 ildir bu məktəbdə dərs deyirəm. Bundan sonra da hər zaman gənclərin hərbi hazırlığında yaxından iştirak etməyə hazıram. Çünki mən şagirdlərimizin hər birində orduya olan həvəsi, onlarda olan ruh yüksəkliyini görürəm".

Qeyd edək ki, Elşən Cəfərov adına 2 saylı tam orta məktəbi düşmənlə sərhəddən 7 km uzaqlıqda yerləşir.

Bütün xəbərlər Facebook səhifəmizdə