Müşviq Ələsgərli: "Problemlərin əksəriyyəti müsəlman ölkələrinin üzərinə düşür" Açıqlama

Müşviq Ələsgərli: "Problemlərin əksəriyyəti müsəlman ölkələrinin üzərinə düşür" Açıqlama

"Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun bir müddət əvvəl iranlı jurnalistləri qəbul edərkən İslam ölkələri jurnalistləri arasında əməkdaşlıq platformasının yaradılmasının zəruriliyini vurğulaması yerində verilən təklif və təşəbbüsdür. Çünki tək Azərbaycanda deyil, dünyada gedən proseslərə də nəzər salsaq görərik ki, bütün problemli nöqtələrin əksəriyyəti, məhz müsəlman ölkələrinin üzərinə düşür. Bunların bir çoxu da süni şəkildə yaradılmış problemlərdir". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının (MŞ) sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli İslam ölkələri jurnalistləri arasında əməkdaşlıq platformasının yaradılmasının əhəmiyyətindən danışarkən deyib.

Şuranın sədr müavini bildirib ki, müsəlman ölkələrinin inkişafına mane olan qüvvələr sanki islam dövlətlərini münaqişə və problemlər içərisində boğmağa çalışan proqram işlədir: "Odur ki, həmin ölkələrin mədəniyyətinin təbliğ olunması, dünyaya çatdırılması, eləcə də problemlərin həll olunmasına böyük ehtiyac var və bunu da özümüzdən başqa kimsə yaxşı bilməz".

M. Ələsgərli onu da qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə yanaşı, digər dövlətlərin problemlərinə vahid baxışı nümayiş etdirmək, ədəbi-mədəni inkişafa nail olmaq üçün ən yaxşı vasitə medialar arasındakı əməkdaşlığı gücləndirməkdir. Onlar bütün dövlətlərdəki problemləri yaşadıqlarından bu barədə fikirlərini dünyaya çatdırmaq imkanları daha da çoxdur. Bu səbəbdən də iranlı jurnalistlərlə görüşdə səsləndirilən təklifin reallaşacağı təqdirdə, islam ölkələri daha çox uduş əldə edəcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə