KİV nümayəndələri Tovuzun sərhədyanı məktəblərinin vəziyyəti ilə tanış olublar

KİV nümayəndələri Tovuzun sərhədyanı məktəblərinin vəziyyəti ilə tanış olublar

Bu gün 30-dan çox KİV nümayəndəsi Tovuz və Qazax rayonlarına səfər ediblər. SİA-nın verdiyi xəbərə görə, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov jurnalistlərə açıqlamsında bildirib ki, Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkil etdiyi bu səfərdə əsas məqsəd ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.

Səfər çərçivəsində KİV nümayəndələri cəbhəyanı bölgələrdəki məktəblərdə təlim və tədrisin səviyyəsi ilə yaxından tanış olublar. İlk olaraq jurnalistələr Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Hacallı kənd orta məktəbində olublar. Burada şagirdlər öz bilik və bacarıqlarını, hərbi vəziyyətlərdə düşməndən necə qorunduqlarını və təhsil sahəsində gələcək planlarını jurnlaistlərlə bölüşüblər.

Məktəbdə şagirdələr tez-tez düşmənin atəşkəsi pozması hallarının şahidi olurlar, bəlkə elə bu səbəbdən də onların çoxu məktəbi bitirdikdən sonra təhsillərini məhz Ali Hərbi məktəbdə davam etdirmək istəyirlər. 10-cu sinif şagirdi Orxan Mirzalıyev də gələckdə hərbi məktəbdə təhsil almağı düşünür. O, kənddə atışmaların intensiv olaraq baş verməsinə baxmayaraq dərsdən yayınmadıqlarını, atışma olan zaman məktəbin təhlükəsiz hissələrində gizlənir, atışma bitdikdən sonra heç bir şey olmamış kimi dərslərə davam etdiklərini deyib.

Məktəbin direktoru Mehriban Rüstəmova atışmaların hər zaman olduğunu, lakin nə qədər çətin olsa da dərslərə davam etdiklərini bildirib: "Baxmayaraq ki, neçə illərdir müharibə şəraitindəyik, məktəbimizdən son 5 ildə ali və orta ixtisas məktəblərinə, hərbi akademiya və liseylərə 25 şagird qəbul olub. Şagirlərimiz təhlükə ilə qarşı-qarşıya olsalar da təhsildən yayınmırlar. Artıq bu vəziyyət bizim həyat tərzimizə çevrilib. Şagirdlərimizdə hərbi vətənpərvərlik ruhu da çox yüksəkdir".

O qeyd edib ki, hazırda məktəbdə 437 şagird təhsil alır, onların 37 nəfəri I, 43 nəfəri XI sinif şagirdləridir.

Daha sonra KİV nümayəndələri Tovuzun N saylı hərbissəsindəki vəziyyətlə yaxından tanış olublar. Burada Azərbaycanın müasir standartlarla hazırlanmış silahları haqqında geniş məlumat verilib. Bildirilib ki, orduda hərbi hazırlıq yüksək səviyyədədir. Ali Baş Komandan əmr verərsə ordu hər an döyüşə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə