Neftçilər mükafatlandırılıb

Bu gün "Neftçilər günü" peşə bayramı münasibəti ilə neft-qaz sənayesində xüsusi xidmətlərinə görə, Dövlət Neft Şirkətinin Fəxri fərmanı ilə təltif olunan bir qrup baş ofisin, törəmə və tərəfdaş şirkətlərin əməkdaşlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirak edib.

Tədbiri giriş sözü ilə açan akademik Xoşbəxt Yusifzadə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda prezident İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən yeni neft strategiyasının uğurlarından danışıb. Qazanılan nailiyyətlərdə fədakar neftçilərin əməyini yüksək qiymətləndirib. Vitse-prezident Xalik Məmmədov Azərbaycan neftçilərinin gələcəkdə daha böyük nailiyyətlərə imza atacağına əminliyini bildirib. ARDNŞ rəhbərliyi adından təltif olunanları təbrik edib, onlara yeni-yeni əmək nailiyyətləri arzulayıb. Fəxri fərmanla təltif olunanlar əməklərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildirib.

Qeyd edək ki, ARDNŞ prezidentinin 12 sentyabr 2014-cü il tarixli müvafiq əmri ilə ARDNŞ-nin idarə və müəssisələrində çalışan 143 nəfər, o cümlədən Baş ofisdə işləyən 22 nəfər qabaqcıl əməkdaş Fəxri Fərmana layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə