“İmkansızların və qaçqınların sığorta haqları hökumət tərəfindən ödənilir”

“İmkansızların və qaçqınların sığorta haqları hökumət tərəfindən ödənilir”

Bu gün Bakıda "Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər" mövzusunda yüksək səviyyəli siyasət seminarı keçirilir. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov, səhiyyə sahəsində aparılan islahatlar və görüləcək işlər barədə məlumat verib.

Bildirib ki, son 10 il ərzində səhiyyə sahəsində böyük islahatlar aparılıb, irəliləyiş əldə olunub: "Azərbaycanda ən müasir xəstəxanalar, müalicə obyektləri yaradılaraq müasir tibbi avadanlıqlarla təchiz edilib. Bunlar da dövlətin insan sağlamlığına göstərdiyi diqqətin nəticəsi və insanların sağlamlığının qorunması üçün atılan addımlardır".

Baş nazirin müavini deyib ki, ölkədə həkimlərin, tibbi personalın peşəkarlığının artırılması sahəsində də ciddi işlər görülür: "Bütün bu görülən işlər Azərbaycan səhiyyə sahəsində aparılan islahatlarda yeni bir mərhələyə keçmək üçün etibarlı bir baza və əsas yaradıb. Bu da səhiyyənin maliyyələşdirilməsi sisteminin təkmilləşdirilməsi, yeni metodlardan istifadə edilməsi ilə əlaqədardır. Biz bunu icbari tibbi sığorta deyərək ifadə edirik. Ölkədə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar müəyyən işlər görülür və bu sahədə beynəlxalq təcrübə öyrənilir. İcbari tibbi sığortaya keçidlə əlaqədar atılan addımları dünya təcrübəsindən bəhrələnərək atmaq nəzərdə tutulur. Bunun nəticəsində bu mürəkkəb və həssas problemin həllində düzgün seçimləri etmək mümkün olar".

Dünyada pulsuz səhiyyə xidmətinin olmadığını deyən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko bildirib ki, hamı tibbi xidmətə görə ödəniş etməlidir: "Azərbaycanda yoxsulluğun aşağı enməsinə baxmayaraq, əhalinin bir çox hissəsi potensial xərclər, xüsusən də səhiyyə xərcləri qarşısında aciz qalır. İnsanların bu cür hallarda qorunmağa ehtiyacı var. İnsanların bu sahədə sığortanın hansısa növü ilə əhatə olunması vacib amildir".

Çıxış edən Türkiyənin tanınmış uşaq sağlamlığı və xəstəlikləri üzrə eksperti, professor Rəcəb Akdağ bildirib ki, Türkiyədə bərabər əhatəli səhiyyə (BƏS) ehtiyac yarandıqda müvafiq, dəstəkləyici, profilatika, müalicəvi və bərpa səhiyyə xidmətlərinə çıxış kimi müəyyən olunur.

"Türkiyədə səhiyyə sahəsində transformasiya proqramı" mövzusunda danışan R. Akdağ, Türkiyədə BƏS sahəsində ədalətliliyin artırıldığını deyib: "Son 30 il ərzində ləng irəliləyişlərdən sonra, ölkədə səhiyyənin maliyyələşdirilməsi, səhiyyə xidmətlərinə çıxış və nəticələr sahəsində bərabərsizlik əhəmiyyətli dərəcədə azalıb. Ölkədə müavinət paketinə əsasən xəstəliyə, hamiləliyə və doğuşa, bədbəxt hadisələrə və peşə xəstəliklərinə, görmə və qulaqasma, stomatologiya, xaricdə müalicə və digər xidmətlər daxildir".

Ekspert, Türkiyədə tətbiq olunan sığorta haqları barədə də məlumat verib: "Özünü maliyyə baxımından təmin edə bilməyən şəxslərin, 18 yaşına qədər uşaqların, vətəndaşlığı olmayan şəxslərin və qaçqınların sığorta haqları hökumət tərəfindən ödənilir".

Qonaq, Türkiyə səhiyyə sahəsində mövcud olan "Birgə ödəmə" xidməti barədə də məlumat verib: "Ambulator bölmədə yazılmış dərmanların 10-20 faizinə, xroniki xəstəlikləri müalicə edən dərmanlara, o cümlədən stasionar bölmədə yazılmış dərmanlara görə bu sistem tətbiq olunmur. Ortez və protezlər üçün isə 10-20 faiz "Birgə ödəmə" tətbiq olunur, ancaq həyati əhəmiyyəti olmadıqda bu sistem tətbiq olunmur".

Bütün xəbərlər Facebook səhifəmizdə