Əli Əhmədov: "Azərbaycanda tibbi sığortanın tətbiqi vacibdir"

Əli Əhmədov: "Azərbaycanda tibbi sığortanın tətbiqi vacibdir"

Bu gün Bakıda "Regionda səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və Azərbaycan üçün seçimlər" mövzusunda yüksək səviyyəli siyasət seminarı keçirilir. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən baş nazirin müavini Əli Əhmədov, səhiyyə sahəsində aparılan islahatlar və görüləcək işlər barədə məlumat verib.

Baş nazirin müavini qeyd edib ki, dünyada səhiyyənin maliyyələşdirilməsi təcrübəsinin Azərbaycanda əsaslı tətbiqi üçün bu cür beynəlxalq görüşlər faydalıdır.

Ə. Əhmədov vurğulayıb ki, dövlət üçün vətəndaşın sağlamlığı böyük önəm kəsb edir: "Dövlətin ayırdığı xərclər sırasında səhiyyə sahəsi ilk yerlərdən birini tutur. Bütün dünyada olduğu kimi, Azərbaycanda da belədir. Xüsusilə son 10 ildə aparılan islahatları, səhiyyəyə ayrılan xərclərin ildən-ilə artığını xüsusi vurğulamaq lazımdır. Tək Bakıda deyil, bölgələrdə də müasir tibbi avadanlıqlarla təchiz olunmuş tibb müəssisələr açılır. Eyni zamanda kadrların hazırlanması da diqqətdə olan məsələdir. Müasir tibbi biliklərə yiyələnmək üçün təhsildə yeniliklər tətbiq olunur".

Baş nazirin müavini bildirib ki, səhiyyəyə əlavə maliyyə mənbələri ayırmaq üçün tibbi sığortanın tətbiqi vacibdir: "Çünki vətəndaşların sağlamlığı üçün bütün xərcləri dövlətin üzərinə qoymaq düzgün deyil. İnsanların gəlirləri artdıqca, öz sağlamlıqlarına vəsait qoymalarını istiqamətləndirmək lazımdır".

Əli Əhmədov səhiyyədə tətbiq olunacaq islahatlar sırasında həkimlərin tələbatının ödənilməsi məsələsinin də gündəmdə olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə