Dövlət Baytarlıq Xidməti məlumatı təkzib etdi

Dövlət Baytarlıq Xidməti məlumatı təkzib etdi

Bir sıra kütləvi informasiya vasitələrində (İslamazer.az, Avropa info, Virtual Azərbaycan və digərləri) Cəlilabad rayonunun Alar kəndində mal-qaranın kütləvi şəkildə qırılması barədə məlumat yayılıb. Həmin məlumata görə, 60-dan çox inək tələf olub. Bu məlumat Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə daxil olan kimi adıçəkilən kənddə araşdırmalar aparılıb və məlum olub ki, bu məlumatın heç bir əsası yoxdur və ajiotaj xarakteri daşıyır.

Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu (Xanvəli) Həsənovun SİA-ya verdiyi xəbərə görə, araşdırma zamanı o da məlum olub ki, Alar kəndində cəmi bir necə baş heyvan yaşıl otdan zəhərlənib. Onlardan 2 başı məcburi kəsilib, 1 başı qansızlaşdırılmadan tələf olub, digər heyvanlar isə yerli baytarlıq mütəxəssisləri tərəfindən müalicəyə cəlb olunub.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bir daha bildirir ki, Cəlilabad rayonunun adıçəkilən kəndində heyvanlar arasında kütləvi tələfatın olması barədə yayılan məlumatların heç bir əsası yoxdur və bu tamamı ilə yanlışdır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkənin epizootik durumuna tam nəzarət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə