Tahir Rzayev: "Belə addımlar bələdiyyələrə etimadın göstəricisidir" Açıqlama
"Təbii ki, bələdiyyələrin qarşısına hər hansı bir vəzifə qoyulursa, bu, bir növ etimadın göstəricisidir. Əvvəllər də kənd arası yolların təmiri işi bələdiyyələrin nəzarətində idi. Lakin hazırda müəyyən keçidlərin, eləcə də yol ətrafı sahələrin təmiri bələdiyyələrə tapşırılırsa, deməli bələdiyyələrin işinə güvənilir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev deyib.
Onun sözlərinə görə, belə etimadın göstərilməsi bələdiyyələrin gələcək inkişafı üçün müsbət zəmin yaratmış olur: "Bu da o deməkdir ki, gələcəkdə bələdiyyələrə rahatlıqla genişmiqyaslı işlər tapşırıla bilər".
Millət vəkili həmçinin dekabrın 23-də Azərbaycanda keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıq prosesini dəyərləndirib: "Qanunvericilikdə də nəzərdə tutulub ki, seçkilərə 60 gün qalmış seçki günü elan edilməlidir. Artıq Mərkəzi Seçki Komissiyasının yekdil qərarı ilə dekabrın 23-də Azərbaycanda 4-cü bələdiyyə seçkilərinin keçirilməsi qərara alınıb. Bu seçkilər sözsüz ki, bələdiyyələrin tarixində mühüm mərhələ olacaq. Çünki seçkilərin şəffaf və demokratik keçirilməsi, seçkilərdə təmsil olunan bələdiyyə üzvlərinin ali təhsilli və fəal gənclər hesabına möhkəmlənməsi gələcəkdə bələdiyyələrin inkişafına təkan verəcək".
O qeyd edib ki, Yeni Azərbaycan Partiyası tərəfindən istər regionlarda, istərsə də mərkəzdə tədbirlər planı artıq hazırlanıb və davamlı şəkildə həyata keçirilir: "İnanıram ki, bu dəfə baş tutacaq seçkilərdə fəal gənclərin iştirakı üstünlük təşkil edəcək. Belə olduğu təqdirdə, ölkədə gedən sosial-iqtisadi inkişafa bələdiyyələr müəyyən töhfələr verə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB