"Bakı Gənclər Klubu" İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə "Qəhrəmanların əbədi var olsun - Azərbaycan!" adlı layihənin ikinci mərhələsinin icrasına başlayıb. SİA-nın məlumatına görə, layihənin məqsədi - gənclərdə vətənpərvərlik hissini yüksəltmək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan, bu şərəfli yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçülərimizi daha yaxından tanıtmaq, onlar haqqında toplanacaq məlumatları ictimaiyyətdə geniş yaymaqdan ibarətdir.
Layihənin ikinci mərhələsində təlimlərin keçirilməsi nəzərdə tutulub. Bu təlimlər zamanı I Qarabağ müharibəsinin səbəbləri, başlanması və gedişatı, igid döyüşçülərimiz, həyata keçirilən əməliyyatlar, işğal olunmuş rayonlar və bu işğalın acı nəticələri, yeni faktlar və s. haqqında layihə iştirakçılarına məlumatlar Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti, Qarabağ müharibəsi veteranı - Atamoğlan Məmmədli tərəfindən veriləcək. Təlimlərlə yanaşı, döyüşçülər və şəhid ailələri ilə görüşlərin təşkili üçün Şəmkir, Göygöl, Gəncə və Gədəbəy rayonlarına səfərlər ediləcəkdir. Layihədə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin və digər ali təhsil ocaqlarının tələbələri iştirak edirlər.
"Bakı Gənclər Klubu" İctimai Birliyi 1994-cü ildə təsis olunmuş və həmin il mayın 4-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Birlik Azərbaycan Respublikasının Gənclər Təşkilatının Milli Şurası (ARGTMŞ), "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu" və "Azərbaycan Kiber İdman Federasiyası"nın təsisçisi və fəal üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB